Anar Məmmədli: Avropa Məhkəməsinin qərarının icra edilməməsi artıq cəza vasitəsinə çevrilib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli Avropa Şurası Nazirlər Komitəsinə məktub ünvanlayıb. 

Məktubu oktyabrın 28-də “Gözətçi“ hüquq portalı dərc edib.

Anar Məmmədli məktubunda “Məmmədli Azərbaycana qarşı” (47145/14) işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2018-ci il 19 aprel tarixli qərarının hələ də tam icra olunmamasına diqqət çəkib.

Məmmədli bildirib ki, qərarın əsas tələbi olan bəraət verilməsi məqsədli şəkildə gecikdirilib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi məhkumluğun götürülməsi barədə Nazirlər Komitəsinə yanlış məlumat verib və nəticədə əvvəlki məhkumluğu yeni cinayət işində ağırlaşdırıcı hal kimi göstərilib.

Müraciət Avropa Şurasının qərarların icrasına nəzarət qaydalarının 9(1)-ci bəndi çərçivəsində təqdim edilib. Bu mexanizm vətəndaşlara Avropa Məhkəməsi qərarlarının yerinə yetirilməsi ilə bağlı Nazirlər Komitəsini məlumatlandırmaq imkanı verir.

“İcra olunmayan qərarın cəza vasitəsinə çevrilməsi təkcə mənim hüquqlarımın pozulması deyil, həm də Strasburq sisteminin nüfuzuna açıq meydan oxumaqdır. Bu, qitə miqyasında təhlükəli presedent yaradır və digər dövlətlərə AİHM qərarlarını icra etməmək üçün yanlış mesaj göndərir”, - Anar Məmmədli müraciətdə qeyd edib.

O xatırladıb ki, Azərbaycan hökuməti illərdir qərarın icrasını yanlış təqdim edərək, “məhkumluğun götürüldüyü” barədə Komitəyə aldadıcı məlumatlar göndərib. Lakin hazırkı ittiham aktında həmin məhkumluğun təkrarlanan cinayət kimi qeyd olunduğunu deyib.

Məmmədli həmçinin 540 gündən çoxdur Bakı İstintaq Təcridxanasında saxlanıldığını, yerli məhkəmələrin həbsin uzadılması barədə çıxardığı qərarların ədalətli araşdırma standartlarına cavab vermədiyini bildirib.

SMDT sədri əlavə edib ki, məsələ artıq onun şəxsi işi çərçivəsindən çıxaraq Avropa insan hüquqları sisteminin etibarlılığı məsələsinə çevrilib:

“Burada söhbət təkcə fərdi qərarların icrasından deyil, Avropa İnsan Hüquqları Konvensiyasının bütün icra mexanizminin səmərəliliyindən gedir.”

O, Nazirlər Komitəsini daha sərt mövqe sərgiləməyə, qərarın icrasına dair dəqiq meyarlar və müddətlər müəyyən edən yeni aralıq qətnamə qəbul etməyə çağırıb.

“Siyasi məhbusluq təkcə fərdi hüquqların pozulması deyil, həm də demokratik dəyərlərə və Avropa hüquq sisteminə birbaşa təhdiddir. Bu qərarın icrasının yubadılması Konvensiya sisteminin bütövlüyünə zərbə vurur”, - Məmmədli yazıb.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb.

O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə ittiham olunur.

QHT rəhbəri özünü təqsirli saymır. Beynəlxalq insan haqları təşkilatları onu siyasi məhbus hesab edir.