Yeni Papadan Qəzzaya şağırış

Mayın 8-də keçirilən konklavda seçilmiş katoliklərin yeni ruhani lideri və Vatikanın prezidenti Papa XIV Leo Müqəddəs Pyotr Bazilikasının böyük lojasından etdiyi ilk bazar duasında Qəzzada baş verən humanitar fəlakətə diqqət çəkib. Papa beynəlxalq ictimaiyyəti "dərhal atəşkəsə" çağırıb.

 

"Üçüncü dünya müharibəsini hissə-hissə yaşayırıq"

İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünü xatırladan Papa XIV Leo, Papa Fransiskin tez-tez səsləndirdiyi xəbərdarlığı təkrarladı:

"Bu gün biz parçalanmış Üçüncü Dünya Müharibəsinin dramatik tamaşası ilə qarşılaşırıq."

 

"Bir daha müharibə olmasın"

Papa dünya liderlərinə açıq müraciətində "Yer üzünün qüdrət sahiblərinə səslənirəm: Qoy bir daha müharibə olmasın. Sülh sadəcə ümid deyil, zərurətdir" deyib.

"Ukrayna xalqının ağrısını ürəyimdə daşıyıram. Qoy əsl, ədalətli və davamlı sülhə tezliklə nail olmaq üçün hər şey edilsin. Qoy bütün məhbuslar azad edilsin və uşaqlar öz ailələrinə qayıda bilsinlər", - Papa bildirib.