Netanyahu İranda hərbi obyektə PUA-larla hücuma münasibət bildirib

“Konkret əməliyyatlardan danışmayacağam. Yaxın Şərqdə hər dəfə partlayış baş verəndə bizə baxılır və ya günahlandırılırıq.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bunu CNN-ə açıqlamasında deyib.

O, İranda hərbi obyektə PUA-larla hücum barədə sualı cavablandırarkən, cavabdan yayınmağa çalışaraq bildirib ki, Yaxın Şərqdə hər bir partlayışda onlar günahlandırılır.

Netanyahu sözlərini belə davam etdirib: "İsrailin baş naziri kimi İranın bizə qarşı açıq şəkildə yönəlmiş nüvə arsenalı əldə etməsinin qarşısını almaq üçün əlimdən gələni edəcəyəm".

Netanyahu iddia edib ki, güc təhdidi İranın nüvə proqramını dayandıra biləcək yeganə amil ola bilər: “Deyərdim ki, nəzarətə almaq uğursuz olarsa, hərəkətə keçməkdən başqa seçim qalmayacaq”, deyə o bildirib.

Qeyd edək ki, İran mənbələri ötən ayın 28-də İsfahanda bir hərbi obyekt üzərində hücuma keçən üç kvadrakopterdən ikisini zərərsizləşdirdiyini, birinin isə obyektin damında partlayaraq cüzi xəsarətə səbəb olduğunu bildiriblər.