Natiq Qasımovun apellyasiya məhkəməsi baş tutub

Yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsi Müsəlman Birliyi Hərəkatinin üzvü Natiq Qasımovun şikayəti üzrə müraciətə baxıb. Məhkəmə 2023-cü il noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Natiq Qasımov barəsində CM-nin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə çıxarılan 3 il müddətinə azadlıqdan mərhumetmə cəzasından verilən şikayət əsasında təyin olunub. Hakim Anar Tanrıverdiyevin sədrliyi ilə baş tutan iclas açılış-tanıtım xarakterli olaraq keçirilib. Müdafiə tərəf olaraq prosesdə vəkil Zibeydə Sadıqova iştirak edir. İşlə tanışlıqdan sonra  məhkəmə iclası 30 yanvar saat 11:00-a qədər ertələnib.

Xatırladaq ki, artıq aylardır ki, sürən inanclıların kütləvi həbsləri gerçəkləşən gündəmdə İran-Azərbaycan münasibətlərinin gərginləşməsi səbəb olaraq göstərilir. Hüquq müdafiəçilərinin məlumatına görə həbs edilən inanclıları sayı mindən artıqdır ki, onların içində ruhanilərin sayı 50-dən artıqdır.