İstanbulda Zorlu Ticarət Mərkəzində “İsrailə elektriki kəsin” etirazı

İsraildə elektrik istehsal edən zavodlarda ortaqlığı olan Zorlu Holdinqə bu gün İstanbulda Zorlu AVM-də bir araya gələn "Fələstin üçün min gənc" adlı qrup etiraz edib.

Beşiktaşdakı Zorlu Ticarət Mərkəzinə gələn bir qrup şəxs Fələstin bayrağı açaraq “Soyqırım İsrail, işbirlikçi Zorlu” kimi şüarlar səsləndirib.

Mətbuata açıqlama vermək istəyən qrup, "İsrailli məskunlaşanlara bütün elektrik enerjisini Zorlu Holdinq təmin edir. Qəzzada heç kimin elektrikə çıxışı olmadığı halda, Zorlu Holdinq işğala və soyqırıma dəstək verməklə cinayət törədir" deyib.

Polis aksiyaya müdaxilə edərkən qrupdan bəzi şəxslər saxlanılıb.

Türkiyədə özəlləşdirmədən sonra elektrik enerjisi istehsalında mühüm aktorlardan birinə çevrilən Zorlu Enerji son illərdə xüsusilə İsraildə diqqət çəkib. İsraildə birbaşa investisiyaları olan Zorlu Enerjinin bu ölkədə elektrik enerjisi istehsalı və paylanması sahəsində elektrik stansiyaları var.