İşgəncə verilərək “aclıq edəcəyimi hər kəsə bildirin” söyləyən siyasi məhbusdan ailəsi xəbər ala bilmir

Ailəsi siyasi məhbus Samir Babayevin durumundan narahatdır. Bu gün (15 yanvar) 1 saylı Bakı İstintaq Təcridxanasından Samirin həyat yoldaşına bildirilib ki, Samir buradan cəzaçəkmə müəsisəsinə köçürülüb. Lakin onun hansı zona köçürülməsi haqqında xanıma heç bir məlumat verilməməsi onun daha çox narahatlığına səbəb olub. Məsələ burasındadır ki, yanvarın 12-dən evi ilə qəfil telefon əlaqəsi kəsilən Samir Babayevi bir gün sonra, yanvarın 13-də övladları ilə görüşə gələn ailələr onun müəsisə işçiləri tərəfindən divara çırpılaraq rəisin qəbul otağına aparıldığını görüblər. Samir hər zərbədə “yaxınlarıma xəbər verin ki, aclığa oturmuşam” söylədiyi də şahidlər tərəfindən təsdiqlənib.
Elə o tarixdən də Samir Babayevlə bağlı hər hansı bir əlaqə qurmaq mümkün olmayıb. Həyat yoldaşı bu səhər görüşə və ondan xəbər ala bilmədikdən sonra vəkili Fariz Namazlı İlə əlaqə saxlayıb. Vəkil də bu mövzu ilə bağlı hər hansı bir məlumata malik olmadığını bildirib. Ardınca xanımın Ombudsmanlığın qaynar xətti ilə əlaqə saxlamaq cəhdi də hələ ki, uğursuzluqla nəticələnib.
Ailə, xüsusi olaraq xəstə anası oğlunun naməlum vəziyyətindən narahatdır və ictimayyətdən bu işdə ona yardım göstərməsini istəyib.
Xatırladaq ki, 2022-ci ilin dekabrında saxlanılan MBH fəali Samir Babayev barəsində narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü. 2023-cü il oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsi S. Babayevi müqəssir bilərək 4 il müddətinə azadlıqdan mərhum etmişdi. 2024-cü il yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi Samir Babayevin şikayətinə baxaraq, onun cəzasından 1 ilini azaldaraq cəzanı 4 ildən 3 ilə endirmişdi.
İnanclı bundan öncə də dəfələrlə inzibatı həbs olunmuşdu. Sonuncu həbsində ona bildirilmişdi ki, MBH-dən ayrılmayacağı halda onu uzunmüddətli həbs gözləyir.