İran və Rusiya ticarətdə dollar əvəzinə milli valyutadan istifadə etmək barədə razılığa gəliblər

Bildirilib ki, İran və Rusiya arasında ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə milli valyutalarla alqı-satqı barədə əldə olunan razılaşma yekun nəticəyə çatıb.

İranın rəsmi agentliyi İRNA-nın İran Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iki ölkənin mərkəzi bankı prezidentləri arasında Rusiyada keçirilən görüşdə dolların qarşılıqlı ticarətdən çıxarılmasına dair razılaşma imzalanıb.

Bildirilib ki, İran və Rusiya bankları artıq yerli valyutalarla əməliyyatlar aparmaq üçün SWIFT-dən başqa banklararası sistemlərdən də istifadə edə bilərlər.

İran və Rusiya 2022-ci ilin iyul ayında qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə milli valyutalardan istifadə etməyi planlaşdırdıqlarını açıqlayıblar.

İslam İnqilabının Rəhbəri İmam Xamenei 2022-ci il iyulun 19-da Tehranda Rusiya prezidenti Vladimir Putinlə görüşündə dolların qlobal ticarətdə tərk edilməli olduğunu bildirərək, “Dollar tədricən qlobal ticarət yolundan çıxmalıdır" deyib.

Putin isə ABŞ-ın dolları təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını qeyd edərək, İran və Rusiyanın ticarət əlaqələrində öz milli valyutalarından istifadənin yollarını hazırladığını bildirib.

İran dekabrın 25-də Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət sazişi imzalayıb.