İordaniyada dron hücumu nəticəsində 3 ABŞ əsgəri həlak olub, 25-i yaralanıb

ABŞ Mərkəzi Komandanlığının verdiyi məlumata görə, şənbə gecəsi İordaniyanın şimal-şərqində Suriya sərhədi yaxınlığında yaşayış məntəqələrinə pilotsuz təyyarənin hücumu nəticəsində üç ABŞ əsgəri həlak olub, ən azı 25 nəfər yaralanıb. Bu, İsrail və HƏMAS militantları arasında təxminən 4 aya yaxın davam edən müharibə nəticəsində Amerika hərbçilərinin ilk ölümləri olduğu güman edilir.

ABŞ prezidenti Co Bayden İordaniyadakı hücumda İranın dəstəklədiyi Suriya və İraqda fəaliyyət göstərən silahlı qruplaşmaları günahlandırıb.

Üç hərbçinin kimliyi dərhal məlum edilməyib, onların yaxınlarına xəbər verildikdən sonra məlum ediləcək. Bayden onları "ən yüksək mənada vətənpərvər" adlandırıb.

"Biz onların terrorla mübarizə öhdəliyini davam etdirəcəyik" Bayden deyib. "Və heç bir şübhəniz olmasın - biz bütün məsuliyyət daşıyanları özümüz seçdiyimiz vaxt və şəkildə hesaba çəkəcəyik."

“The Washington Post” xəbər verir ki, hücuma görə məsuliyyəti “Kətaib Hizbullah”, “Nücəba” və “İraqda İslami Müqavimət” qruplaşması öz üzərinə götürüb.

Qrupun rəsmisi qəzetə deyib: “Əvvəlcə dediyimiz kimi, ABŞ İsraili dəstəkləməyə davam edərsə, gərginliklər olacaq. ABŞ-ın regiondakı bütün maraqları qanuni hədəflərdir və biz ABŞ-ın cavab vermək təhdidləri ilə maraqlanmırıq; tutduğumuz istiqaməti bilirik və şəhidlik bizim mükafatımızdır”.

Hücum Qəzzada İsrail-HƏMAS müharibəsi zamanı bölgədə yerləşən ABŞ hərbçilərini hədəf alan silsilə hava hücumlarından biri olub. Birləşmiş Ştatlar Aralıq dənizi boyunca dar ərazidə döyüşlərə qatılmasa da, İsrailin səylərini qətiyyətlə dəstəklədi və bəzi dünya liderlərinin dərhal atəşkəs tələblərini rədd etdi.

ABŞ rəsmiləri bununla belə, döyüşlərin iki aylıq dayandırılması və Qəzzada HƏMAS tərəfindən saxlanılan 100-ə yaxın girovun azad edilməsi üçün razılığa gəlməyə yaxın olduqlarını deyirlər. Oktyabr ayında HƏMAS-ın İsrailə ilk hücumu 1200-ə yaxın insanın həyatına son qoyub, Qəzza rəsmiləri isə İsrailin əks-hücumunun əksəriyyəti qadın və uşaq olmaqla 26 mindən çox fələstinlini öldürdüyünü deyir.

Bayden açıqlamasında “Bu gün Amerikanın ürəyi ağırdır. Ötən gecə İordaniyanın şimal-şərqində Suriya sərhədi yaxınlığında yerləşən qüvvələrimizə pilotsuz uçuş aparatının hücumu zamanı üç ABŞ hərbçisi həlak olub, çoxlu sayda hərbçi isə yaralanıb”.

ABŞ Müdafiə Nazirliyinin rəsmisi yaralıların bəzilərinin beyin xəsarətləri aldığını və bunun üçün xəstəxanalara tibbi təxliyə tələb olunduğunu söylədi.

 

Amerikanın Səsi