Həyatın tövsifi

Fellininin bir filmi var. “Orkestrin məşqi” (Репетиция оркестра). Uzaq 78-ci ildə çəkilib. Çox mürəkkəb və həddən artıq qəliz süjetdə bir simfonik okrestrin məşqindən bəhs edilir. Jurnalist orkestrin musiqiçilərindən müsahibə alır. Hər bir ifaçı xüsusi sevgiylə özü və ifa etdiyi musiqi aləti haqda danışır, amma az sonra – filmin gedişatında bu sevgi və ünvanlı məhəbbət insan təbiətinin dərəbəylik meydanına çevrilir.

Filmin tamaşaçıya verdiyi mesaj/lar/ın çox fərqli, bir-birini istisna edən kommentariyaları var. Ağlagələn versiyalardan biri də öz musiqi alətlərinə məhkum edilmişlərin miskin talelərini dəyişmək imkanı, cəhdidir.  

Yəqin elə bu səbəbdəndir ki, filmin sonu yorğun, amma qəzəbli dirijorun artıq neçənci dəfə təkrarladığı “hər şey əvvəldən başlanır!” ümidsizliyi ilə bitir.

***    

İnsanın özünü dəyişmək cəhdi və daima təkmilləşmək ehtiyacı yaradılışa ironiyadı /yaxşı mənada/, yaranışın qüsuruna eyhamdı /pis mənada/. Bu kontekstdə başqasının, lap elə özünün dəyişiminə heç bir məntiqə sığmayan gözlənti sadəlövh ağılsızlıqdır.  

***

Cinayət Məcəlləsində bir maddə var. 29-cu maddə. Cinayət etməyə cəhd adlanır. Maddənin məzmunu /dispozisiyası/ belədir: “Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl /hərəkət və ya hərəkətsizlik/, şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur”. 

Bir nümunəylə sadə izah. Məsələn, A. B.-ni qəsdən öldürmək istəyir, bu məqsədlə əlindəki silahla onu nişan alıb atəş açır, ancaq atəş B.-dən yan keçir, ona dəymir. Yəni, öldürmür, ictmai təhlükəli nəticə baş vermir. 

Başa çatmış cinayətdən fərqli olaraq cinayətə cəhd bir qayda olaraq nəticəsiz cinayətdir, hüquqşünaslar belə deyir. 

Cinayətə hazırlığı tövsif edəndə (yəni, əməli CM-yə uyğunlaşdıranda) mütləq CM-nin xüsusi hissəsində (cinayət əməllərinin sadalandığı hissə) nəzərdə tutulmuş konkret cinayət əməlinin qarşısına bir 29 rəqəmi atılır. Yəni, cinayətə cəhd muxtar deyil, mütləq halda başqa bir maddəylə müşayiət olunmalıdır. Məsələn, bayaqkı nümunə belə tövsif olunardı: 29, 120.1. CM-nin 120-ci maddəsi qəsdən adam öldürməni nəzərdə tutur. Rəqəmlərin kombinasıyası bu misalda belə adlanır - qəsdən adam öldürməyə cəhd.

***

Özünü və başqalarını dəyişmək və ya təkmilləşdirmək cəhdi də, cinayətə cəhddəki kimi nəticəsiz fəaliyyətdi.  Bir qayda olaraq. Ancaq bunun, bu fəaliyyətin ümumiyyətlə, cinayət olub-olmaması başqa bir mövzunun söhbətidir.

*** 

Bizim tərtəmiz kişi təbiətli Cinayət Məcəlləsini (görən qadın təbiətli CM necə olardı?!) bir az zərifləşdirib, qadınlaşdırsaq və bu maddəni Azərbaycan məişətinin gündəlik reallığına şamil eləsək, əksər düşüncənin və ya fəaliyyətin qarşısına gərək ki bir 29 rəqəmi atıla: Məsələn: 29, Azərbaycan cəmiyyətini anlamaq; 29, peşə fəaliyyətindən zövq almaq;  29, özünü və başqalarını dəyişmək və təkmilləşdirmək və s.      

***

Adam hərdən həyatı/dünyanı/ tutub tövsif eləmək istəyir. Bunu Tanrının əməlinə qiymət /təkcə hüquqimi?!/ vermək də alandırmaq olardı. Amma necə?! 29 və nə?!...