Hadisələr göstərir ki, bu ilki seçkilər ABŞ tarixinin ən təlatümlü seçkisi olacaq

Dünya iqtisadiyyatını alt-üst edən Rusiya-Ukrayna savaşının əsas tətikçilərindən və tərəflərindən olan ABŞ-Britaniya ittifaqı Qara dəniz hövzəsində Rusiyanı məğlub edə bilməməyin uğursuzluqlarından diqqəti yayındırmaq üçün Yaxın Şərqdə daha böyük bir müharibə hazırlığındadılar.
BMT qərarı olmadan, dünəndən bəri, daha bir müsəlman ölkəsini bombardmana başlayıblar. Bu dəfə hədəfdə onların iradəsinə boyun əyməyən Yəməndir.
Yəmən xalqının, xüsusən də şiə husilərin ABŞ-dan əsas tələbi İsrailin Qəzzada oktyabrın 7-dən üzübəri apardığı hərbi əməliyyatların dayandırılmasıdır. Babül-Məndəb boğazını bağlamaq təhdidləri də buna görədir.
HƏMAS-ı ən qısa müddətdə məhv edəcəyini açıqlamış İsrailin Netanyahu hökuməti 3 aydır Qəzzada istəyinə nail ola bilmir və çıxış yolunu İranı işin içərisinə qatmaqla, regionda daha böyük oyunçuların iştirakıyla müharibə vəziyyəti yaratmaqda görür.
İsrailin HƏMAS-a qarşı əməliyyatlarını nəticə əldə etmədən dayandırmasının radikal İslam hərəkatlarını dirçəldəcəyi və Ərəb dünyasının Qərbdən qoparılacağı qorxusunu yaşayan Qərbdəki sionist-səlibçi düşüncə sahibləri də Netanyahunun planına dəstək verməyə çalışırlar.
İranın Qəzzada HƏMAS-ı, Livanda “Hizbullah”ı, Yəməndə isə “Ənsərallah”ı dəstəklədiyi əsas gətirilərək, rəsmi Tehranı hər vasitə ilə açıq müdaxiləyə, savaşa təhrik edirlər və onun nüvə obyektlərinə zərbə endirməyə hazırlaşırlar.
İranin ali dini rəhbəri Seyid Əli Xameneinin yanvarın 3-də Kirmanda törədilən terrordan dərhal sonra qisas çağırışlarıyla coşmuş qəzəbli kütlələrə və eyni zamanda öz generallarına müraciətində ABŞ-la birbaşa hərbi qarşıdurmadan çəkinmək tapşırığını verməsi də göstərir ki, rəsmi Tehran Rusiya-Ukrayna savaşından ciddi nəticə çıxarıb, böyük bir oyuna dartıldığının, eyni zamanda rəqiblərinin öz daxillərində nələr yaşandığının fərqindədir və daha bir müddət vaxt qazanmağa çalışır.
Çünki bir neçə aydan sonra hadisələrin əsas ağırlıq və gərginlik mərkəzi həm İsrailin, həm də gələcək prezidentini müəyyənləşdirməyə çalışan ABŞ-ın öz daxilinə keçəcək.
Məşhur "Epşteyn siyahısı"nın yenidən və indidən ABŞ siyasətinin gündəminə çıxarılması da təsdiqləyir ki, 2024-cü il seçkiləri ABŞ tarixinin ən təlatümlü seçkisi olacaq.
 
Elxan Şükürlü