Fəal Əhməd Məmmədli Korrupsiyaya qarşı Mübarizə İdarəsində dindirilib

İctimai fəal Əhməd Məmmədli yanvarın 23-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində dindirilib.

Bu barədə Turan-a Əhməd Məmmədli özü məlumat verib.

Fəalın sözlərinə görə, o, saxta sənəd məsələsinə görə dindirilib: "2022-ci ildə mən Türkiyəyə oxumaq üçün getməli idim və bununla bağlı Muğla Sıtkı Koçman Universitetinə qəbul olunduğum haqqında sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinə (SHXÇDK) təqdim etmişəm. Getməzdən bir neçə gün əvvəl həbs olundum və oxumağa gedə bilmədim".

Ə.Məmmədli qeyd edib ki, elə o vaxt SHXÇDK təqdim etdiyi sənədləri saxta hesab edib və Cəlilabad rayon prokurorluğuna müraciət edib: "Prokurorluqda iki dəfə dindirilmişəm və bundan sonra bu məsələ sönüb. Amma dünən mənə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən zəng vurublar ki, işi onlar aparacaqlar və idarəyə çağırıblar".

Onun sözlərinə görə, o, şahid qismində dindirilib: "Lakin mənə şifahi dedilər ki, bu iş üzrə şübhəli şəxs sayılıram. İmza nümunələrimi götürdülər, ekspertizaya göndərəcəklərini dedilər".

Ə.Məmmədli hesab edir ki, məsələnin yenidən aktivləşməsi son hadisələrlə bağlıdır: "Mən heç bir saxta sənəd təqdim etməmişəm. Məsələnin 2022-dən sonra yenidən aktivləşməsi sadəcə ölkədəki son həbslərlə və hökümətin Qərblə münasibətlərin gərginləşməsi ilə bağlıdır".

Məsələ ilə bağlı Baş Prokurorluqdan və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.