Dövlət ittihamçısı başında şiş müəyyən olunan inanclıya 7 il iş istədi

Yanvarın 31-də Lənkərən Ağır Cinayətlər Məhkəməsində Ceyhun Balaşovun işi üzrə növbəti məhkəmə iclası baş tutub. Hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesi hakimin işi yekunlaşdırılaraq son qeydləri səsləndirilməsi ilə başlayıb. Anten məlumatlarda qeyd edilən telefon danışıqlarının araşdırılması, şahid qismində işdə adı hallanan polis işçilərindən ibarət şahidlər və onların izahatları hakim tərəfindən incələndi. Vəkil Rəsul Cəfərovun məhkəməyə təqdim etdiyi və orada Ceyhun Balaşovun başında çoxsaylı angiopatik qlioz ocaqlarının yaranması ilə bağlı tomoqrafiya cavabları da hakim tərəfindən səsləndirilib.

Bundan sonra dövlət ittihamçısı söz alıb. O, öz çıxışında Ceyhun Balaşovun səhhəti ilə bağlı problemlərin olduğunu bildirsə də, lakin onun həbsxana şəraitində 7 il müddətinə azadlıqdan məhrum edilməsini qanuna uyğun hesab edib. Ardınca son söz olaraq Ceyhun Balaşov çıxış edərək o, bütün ittihamların saxta olmasını, şahidlərin barəsində iddia etdikləri narkotik ittihamının şər və böhtan olduğunu söyləyib.  

Müdafiə tərəfi olaraq vəkil Rəsul Cəfərov çıxış edərək bildirib ki, son söz üçün hazır deyil və hakimdən bunun üçün o, vaxt istəyib. Hakim vəkilin istəyini nəzərə alaraq növbəti məhkəmə iclasını 8 fevral saat 14:05-ə qədər ertələyib.

Xatırladaq ki, MBH üzvü Ceyhun Balaşov bu il fevralın 2-də Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Balaşov Cinayət Məcəlləsinin 234.4.3 (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

İyulun 11-də virtual məhkəmə iclasından sonra 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan C.Balaşovun səhhətində ciddi problemlər yaranıb və o, iyunun 14-də vəziyyətinin ağırlaşması səbəbindən Pentesiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Mərkəzdə olduğu zaman Balaşov, istintaq təcridxanasında dəhşətli işgəncələrə məruz qalma səbəbindən vəziyyətinin belə ağır hala gəlməsini ailəsinə bildirib. Sonrakı dövrlərdə bir çox müalicələrə baxmayaraq Ceyhun Balaşovun səhhətində hər hansı bir irəliləyiş olmayıb. Bu səbəbdən, Lənkəran Ağır Cinayətlər Məhkəməsi avqustun 23-də C.Balaşovun vəziyyətinə görə onun polis nəzarətinə verilməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra C.Balaşov Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. O, bir müddət xəstəxanada süni nəfəs aparatına qoşulmuş vəziyyətdə qalaraq, zəruri tibbi yardım alıb.

Ardınca Ceyhun amblator müalicə üçün evə buraxılıb. Lakin bununla belə o, bu gün də səhhəti ilə bağlı problemlər yaşamaqdadır. Hətta sərbəst yeriyə bilməyən inanclı məhkəməyə belə çəliklə, ailəsinin yardımı ilə gəlib.