Dəfnə çağırılan keçmiş Gəncə məhbusunu narkotik ittihamı ilə həbs edilib

Şəmkir sakini Yusifov Alim Vahid oğlunu fevralın 1-də saat 17 radələrində dəfndə iştirak etmək üçün dəvət edildiyi ünvanda polislər tərəfndən saxlanılıb. Bu barədə dastan.info-ya onun anası Əliyeva Arzu Məsi qızı məlumat verib: "Alimə axşamüstü zəng vurublar ki, dəfndə iştirak etsin. O, da deyilən ünvana gedib, tutub aparıblar. Bizim də xəbərimiz yoxdur. Gördük qayıtmadı axtarmağa başladıq. Məlum oldu ki, tutublar. Oğlum siqaret də çəkmir, ibadət əhlidir. Oğlumu 234.1.1 maddəsi ilə şərləyiblər. Fevralın 2-də Şəmkir Rayon Məhkəməsində işinə baxıblar".

A.Əliyeva deyir ki, oğluna vəkil tutmaq istəyib lakin buna imkan verilməyib ki, artıq vəkil təyin edilib. 

Qeyd edək ki, 4 uşaq atası olan Alim Yusifov Gəncə hadisələri ilə bağlı həbs olunub. 

2018-ci il iyulun 3-də Gəncədə şəhərin o vaxtki icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və şəhər icra başçısının mühafizəçisini yaralayıb.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-a Gəncə administrasiyasının binası qarşısında Vəliyevə qarşı etiraz aksiyası təyin edilib. Elə həmin gün DİN Gəncədə iğtişaşlar olduğu, iki polis əməkdaşının qətlə yetirildiyi barədə məlumat yayıb. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər aparılmağa başladı. Həbs edilənlərdən biri də Alim Yusifov idi. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, kütləvi iğtişaşların təşkili və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə 6,5 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Gəncə Apellyasiya Məhkəməsi cəzadan 2 il çıxıb. Alim Yusifov həbs müddətini çəkib azadlığa çıxmışdı.