Bakı Apellyasiya Məhkəməsi Natiq Qasımovun qərarını qüvvədə saxlayıb

Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi MBH üzvü, inanclı Natiq Qasımovun şikayət ərizəsinə baxıb. Apelliyasiya Məhkəməsinə edilən müraciət 2023-cü il noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Natiq Qasımov barəsində CM-nin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə çıxarılan 3 il müddətinə azadlıqdan mərhumetmə cəzasından verilən şikayət əsasında təyin olunub. Hakim Anar Tanrıverdiyevin sədrliyi ilə baş tutan iclasda müdafiə tərəfi olaraq vəkil Zibeydə Sadıqova iştirak edib. Vəkilin müvəkkili ilə bağlı sübutların yetərli olmaması və Natiq Qasımovun inanclı olaraq narkotiklərlə bağlı narkoloji nəticələrin neqativ göstəriciləri hakimə təqdim olunsa da, hakim qərarı qüvvədə saxlayaraq məhkəməni yekunlaşdırıb.
Xatırladaq ki, artıq aylardır sürən inanclıların kütləvi həbsləri gerçəkləşən gündəmdə İran-Azərbaycan münasibətlərinin gərginləşməsi səbəb olaraq göstərilir. Hüquq müdafiəçilərinin məlumatına görə həbs edilən inanclıların sayı mindən artıqdır ki, onların 50-dən çoxu ruhanilərdir.