Azərbaycanda Əfv Komissiyasının iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

Aprelin 3-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Bu barədə Amerikanın Səsinə komissiyanın üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid məlumat verib.

Onun sözlərinə görə, toplantıda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.

Rəşad Məcid deyib ki,bu il komissiyada 700-dən çox müraciətə baxılacaq. Burada qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol-nəqliyyat hadisələri, ömürlüklərlə və s. bağlı müraciətlərə baxılacaq.

Onun sözlərinə görə, Komissiyanın iclasında gərgin və məhsuldar müzakirələr aparılıb.

Rəşad Məcid qeyd edib ki, növbəti iclasın vaxtı barədə məlumat veriləcək.

Sonuncu dəfə ötən ilin mayın da Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.

Sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Hüquq müdafiəçiləri sərəncamın ölkədə siyasi və vicdan məhbusu problemini həll etmədiyini bildirir.

Onlar hesab edir ki, ölkədə siyasi məhbus probleminin həlli yalnız müstəqil məhkəmə, hüquq sisteminin yaranması ilə mümkündür.