Azərbaycan məhbus ölümlərinə görə Avropa Şurası ölkələri arasında birincidir

Həbsxanalarda sıxlıq bir çox Avropa penitensiar sistemi üçün hələ də kəskin problem olaraq qalır. Bu barədə Avropa Şurasının 2023-cü il üçün həbsxanalar üzrə illik hesabatında (SPACE I) deyilir.
Avropa Şurasının məlumatında deyilir ki, 31 yanvar 2022-ci ildən 31 yanvar 2023-cü ilədək olan dövrdə Avropada 100 yerə düşən məhbusun sayı 2 faiz artıb (91,7-dən 93,5-ə qədər).
Yeddi həbsxana administrasiyası 100 nəfərlik yerdə 105-dən çox məhbusun saxlanıldığını bildirib ki, bu da ciddi sıxlığın olduğunu göstərir.
Məhbusların sayı Azərbaycanda 13 faiz artıb.
Məhbusların sayı Malta (-22 faiz), Litva (-8,9 faiz), Estoniya (-8,8 faiz) və Yunanıstanda (-5,2 faiz) azalıb.
Azadlıqdan məhrumetmə səviyyəsinin ən yüksək olduğu ölkələr bunlardır: Türkiyə (100000 sakinə 400 məhbus), Gürcüstan (256), Azərbaycan (244) və s.
2022-ci ildə Azərbaycanda həbsxanada 158 nəfər şəxs həyatını itirib. Bu statistikaya görə Azərbaycan AŞ ölkələri arasında liderdir.
 
 
Turan Agentliyi