Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsü və piyada keçidi açılıb

Dekabrın 30-da Azərbaycanın İranla sərhədində (Bakıdan 281 kilometr cənub) Astara çayı üzərində yeni inşa edilmiş avtomobil körpüsü və piyada keçidinin açılışı olib.

Rəsmi məlumatda deyilir ki, Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında 2021-ci ildə imzalanmış “Azərbaycan və İran dövlət sərhədindən “Astara” (Azərbaycan) – “Astara” (İran) dövlət sərhəd–keçid buraxılış məntəqələri ərazisində Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında Anlaşma Memorandumu”na əsasən inşa olunan körpünün və modul tipli sərhəd-buraxılış məntəqəsinin dekabrın 30-da açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak edib.

Körpünün tikintisi 2022-ci ilin martın 1-də başlayıb. Yük nəqliyyat vasitələri üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 97,5 metr təşkil edir. Körpüdə dörd hərəkət zolağı mövcuddur. Körpü üzərində hər birinin eni 2,5 metr olan iki piyada yolu da inşa edilib.

 

Modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin tikinti-quraşdırma işləri cari ilin avqustun 28-də başlayıb və dekabrın 1-də yekunlaşdırılıb. Sahəsi 4500 kvadratmetr olan buraxılış məntəqəsində gömrük prosedurlarının tətbiq olunması, sürətli keçidin təmin edilməsi məqsədilə müvafiq şərait yaradılıb. Məntəqədən idxal və ixrac istiqamətlərində sutkalıq 250-300 yük nəqliyyat vasitəsinin, ümumilikdə isə 500-600 yük nəqliyyat vasitəsinin qəbul edilməsi nəzərdə tutulub.

Şimal-Cənub Nəqliyyat Dəhlizinin mühüm komponentləri olan körpünün və buraxılış məntəqəsinin istifadəyə verilməsi dəhliz üzrə daşımaların həcminin artırılmasını ehtiva edir.

2023-cü ildə dəhlizlə yük daşımaları 44,5 faiz artıb. Bu ilin 11 ayında Azərbaycanla İran arasında ikitərəfli yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz, o cümlədən tranzit daşımaları 2,1 dəfə çox olub.

Rəsmi məlumata görə hazırda dövlət sərhədindən buraxılış məntəqəsinin ikinci fazada genişləndirilməsi məqsədilə müvafiq işlər aparılır. Genişləndirilmə işlərindən sonra dövlət sərhədindən buraxılış məntəqəsi 7 gediş və 7 gəliş xətləri üzrə gündəlik olaraq 500 giriş və 500 çıxış olmaqla, ən azı 1000 yük nəqliyyat vasitəsini qəbul edə biləcək.

Xatırladaq ki, bu il mayın 17-də Rusiya və İran Şimal-Cənub dəhlizinin quru dəmir yolu marşrutunun tamamlanması üçün tələb olunan sonuncu Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi barədə hökumətlərarası saziş imzlayıb.

Sənədə əsasən Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirir. Tərəflər artıq 2024-cü ilin əvvəlində Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlanılacağını bəyan edib.

Burada həmçinin, Astara (Azərbaycan) -Astara (İran) dəmir yolu xəttinin çəkilişi də İran dəmir yollarını Azərbaycan dəmir yolu sisteminə birləşdirən Şimal-Cənub layihəsinin bir hissəsidir. Yolun uzunluğu 10 kilometrdir, - Astara şəhərindən İran sərhədinə 8 kilometr və İranın Astara şəhərindən Azərbaycan sərhədinə 2 kilometrdir.

Noyabrın 16-da Moskvada keçirilən "Nəqliyyat həftəsi" forumunda Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov Şimal-Cənub dəhlizinin inkişafından danışarkən deyib ki, 2023-cü ilin sonunda Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi 18 milyon tona çata bilər, bu da 2021-ci illə müqayisədə demək olar ki, 33 faizdən çoxdur.

"Hazırda dəhlizin tərkib hissəsi olan hər üç marşrut üzrə aktiv iş aparılır. Beləliklə, şərq marşrutu ilə müntəzəm konteyner daşımalarına başlanılıb. Transxəzərdə Volqa-Xəzər dəniz gəmiçiliyi kanalında və Mahaçqala dəniz limanında dibdərinləşdirmə işləri başa çatdırılır, bu da 4,5 metrə qədər suqəbuledici gəmiləri suya buraxmağa imkan verəcək. Qərb marşrutu çərçivəsində İranla Rəşt-Astara dəmir yolunun bir hissəsinin tikintisinin maliyyələşdirilməsinə dair saziş bağlanıb və Azərbaycanla sərhəddə avtomobil buraxılış məntəqələrinin buraxılış qabiliyyəti iki dəfə artırılıb", o qeyd edib.

Andrey Belousovun qənaətincə, 2030-cu ilə qədər bu dəhlizlər üzrə yükdaşımaların həcminin ildə 700 milyon tona çatdırılacağı gözlənilir.

Baş nazirin birinci müavini deyib ki, Rusiya və Azərbaycan 2023-cü ilin sonuna kimi Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalamalıdır.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla, Azərbaycan isə qarşılıqlı olaraq İranla sərhəddə hərbi təlimlər keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub, nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı basqını terror aktı kimi qiymətləndirib.

Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində çoxsaylı telefon danışıqları aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti, Azərbaycan xarici işlər naziri isə İran Prezidenti tərəfindən qəbul edilib. İki ölkənin rəsmiləri qarşılıqlı səfərlər edib.

Oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb. Bu layihənin həyata keçirlməsi həmçinin Sovetlər dövründə mövcud olan Moskva-Tehran dəmir yolunun açılması deməkdir. Sovetlət dövründə dəmir yolunun bu hissəsi Ermənistan ərazisindən keçirdi. Ermənistan Birinci Qarabağ müharbəsi zamanı, 1991-ci ildən dəmir yolunun bu hissəsini bağlayıb. İkinci Qarabağ müharibəsindən (2020-ci il) sonra da dəmir yolunun Ermənistandan keçən hissəsinin açılması danışıqların əsas mövzularından biridir. Amma hələ ki, Ermənistan tərəfi ilə razılıq əldə edilməyib.

 

Amerikanın Səsi