Avropa İttifaqı Ukrayna üçün 20 milyard avroluq fond yaradır

Avropa İttifaqı (Aİ) Ukrayna üçün həcmi 20 milyard avrodan çox olan yeni hərbi yardım fondu yaratmağı planlaşdırır. 

Toplum TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yanvarın 19-da təqdim olunan plan layihəsinə istinadən məlumat yayıb. 

Bildirilir ki, Aİ rəsmiləri bu həftə Ukraynaya hərbi yardımın təşkil olunması üçün yeni planı nəzərdən keçirməyə başlayacaqlar.

Təşəbbüs, Avropa Sülh Fondundan 6,5 milyard avronun ayrılmasını və 2024-2027-ci illər periodunda hər il beş milyard avronun da köçürüləcəyi xüsusi fondun yaradılmasını nəzərdə tutur.

Yeni fonddan Ukrayna üçün hərbi texnika alan ölkələrin xərclərini kompensasiya etmək üçün istifadə etməsi planlaşdırıılır. Həmçinin, vəsaitin bir hissəsi Ukrayna hərbçilərinin Avropa İttifaqındakı hərbi təlimlərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Aİ liderlərinin bu təklifi fevralın 1-nə planlaşdırılan sammitdə nəzərdən keçirəcəyi gözlənilir.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımının ayrılması qərarına veto qoymuşdu. Təhlilçilər Avropa İttifaqının Ukraynaya hərbi və iqtisadi yardım üçün Macarıstandan yan keçən plan üzərində işlədiyini bildirirdilər.