Aqil Layıc: Tofiq Yaqublunun məhkəməsi gərgin keçdi. Məhkəmə şikayəti təmin etmədi

Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası və Milli Şuranın üzvi Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin verdiyi apellyasiya şikayətinə baxılıb.

Vəkil Aqil Layıcın Amerikanın Səsinə verdiyi məlumata görə, məhkəmə Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb və apellyasiya şikayətini təmin etməyib.

Vəkil bildirib ki, məhkəmə prosesi gərgin keçib.

“Tofiq Yaqublu ona qarşı irəli sürülmüş saxta ittihamlara etirazını kəskin şəkildə bildirdi. Tofiq bəyi məhkəmə prosesindən çıxartdılar. Onun iştirakı olmadan proses davam etdi. Bizim verdiyimiz şikayət də təmin olunmadı”, vəkil bildirib.

Aqil Layıcın sözlərinə görə, məhkəmə şikayəti təmin etməməsi ilə bağlı heç bir əsaslandırma verməyib.

“Bu tip işlərdə əsaslandırma olmur. Tam uydurma, şablon ifadələr, ‘copy-paste’ edib atırlar. Nəyinki bu Tofiq Yaqubluya qarşı olan işdə, ümumiyyətlə normal işlərdə belə məhkəmə nəzarəti funksiyası belə demək olar ki, yoxdur. Birbaşa cinayət prosessual məcəllədən silib atmaq lazımdır”, Layıc qeyd edib.

Bu deyilənlərlə bağlı məhkəmədən şərh almaq mümkün olmayıb. Amma rəsmilər dəfələrlə ölkədə məhkəmənin müstəqil və ədalətli olduğunu bildirirlər.

Xatırlatma

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Son günlərdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 8 jurnalist həbs edilib.