Apellyasiya Məhkəməsi Rövşən Əliyevin cəza müddətini qüvvədə saxlayıb

Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi daha bir MBH üzvnün şikayət ərizəsinə baxıb. İnanclı Rövşən Əliyevin Bakı Apelliyasiya Məhkəməsinə etdiyi müraciət 2023-cü il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində CM-nin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə çıxarılan 3 il müddətinə azadlıqdan mərhumetmə cəzasından verilən şikayət əsasında təyin olunmuşdu. Hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan iclasda müdafiə tərəfi olaraq vəkil Zibeydə Sadıqova iştirak edib. Vəkilin müvəkkili ilə bağlı sübutların yetərli olmaması və Rövşən Əliyevin inanclı olaraq narkotiklərlə bağlı narkoloji nəticələrinin neqativ göstəriciləri hakimə təqdim olunsa da, hakim qərarı qüvvədə saxlayaraq məhkəməni yekunlaşdırıb. 
Rövşən Əliyev 2023-cü il may ayının 12-də saxlanılmış və barəsində narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü. Eyni halda Rövşən Əliyev ötən ilin yanvarında “20 yanvar yürüşü” zamanı saxlanılan 6 hərəkat üzvündən biridir. Onların hər biri 30 sutka inzibatı cəza almışdılar.
2023-cü ilin gəlişi ilə inanclıların kütləvi həbsləri gerçəkləşən gündəmdə İran-Azərbaycan münasibətlərinin gərginləşməsi səbəb olaraq göstərilir. Hüquq müdafiəçilərinin məlumatına görə həbs edilən inanclıların sayı mindən artıqdır ki, onların içində ruhanilərin sayı 50-dən artıqdır.
Xatırladaq ki, bu yanvarın 30-da ikinci MBH üzvünün apellyasiya şikayəti ilə bağlı iclas idi. Elxan Qasımov da apellyasiya şikayəti vermişdi ki, məhkəmə onun da hökmünü qüvvədə saxlamışdı.