ABŞ Livana 72 milyon dollar maliyyə yardımı edəcək

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, ABŞ Livan ordusu və təhlükəsizlik qüvvələrinə 72 milyon dollar maliyyə yardımı edəcək.

ABŞ-ın Livandakı səfiri Doroti Şea BMT-nin nəzdində Livanın paytaxtı Beyrutda keçirilən iclasda iştirak edib. İclasda Livan ordusu və təhlükəsizlik qüvvələrinə dəstək məsələsi müzakirə edilib.

Görüşdən sonra Şea Livan Ordusunun Baş Qərargah rəisi general-leytenant Cozef Avn və Livan Daxili Təhlükəsizlik Qüvvələrinin komandanı general-mayor İmad Osman ilə ABŞ-ın təhlükəsizlik qüvvələrinə təklif edəcəyi dəstək barədə birgə mətbuat konfransı keçirib.

Mətbuat konfransındakı çıxış edən Şea deyib: “ABŞ Konqresi təhlükəsizlik yardımının böyük bir hissəsini Daxili Təhlükəsizlik Qüvvələri və Livan Ordusuna verilməsi ilə bağlı qərar qəbul edib”.

Yardım çərçivəsində hərbçilərə aylıq ödəniş ediləcəyini bildirən Şea deyib:”Təhlükəsizlik işçilərinə 6 ay müddətində cəmi 72 milyon dollar maliyyə yardımı ediləcək”.

Livan xüsusilə 2019-cu ildən bəri ciddi iqtisadi böhranla mübarizə aparır. Livan Mərkəzi Bankında dollar likvidliyi problemi və valyuta ehtiyatlarının əriməsi ölkədə digər ciddi böhranların yaranmasına səbəb olub.