ABŞ İraq bankı və onun sahibinə sanksiya tətbiq etdi

ABŞ İraqın “Al-Huda Bank”ına qarşı sanksiya tətbiq edib. Bankın sahibi Həməd əl-Musavinin adı sanksiyalar siyahısına əlavə olunub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında məlumat verilir.

Bəyanata görə, bank "terrorizmin maliyyələşdirilməsi kanalı” rolunu oynadığına görə "çirkli pulların yuyulması üçün xüsusi narahatlıq doğuran xarici maliyyə qurumu" hesab olunub. Bununla əlaqədar, ABŞ Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Agentliyi bankı ABŞ maliyyə sistemindən ayırmaq üçün xüsusi tədbirlər hazırlayıb, Amerika maliyyə institutlarına onunla müxbir hesablar açmağı qadağan edib.

“Əl-Huda”nın sahibi Həməd əl-Musəvi ABŞ tərəfindən “İran İslam İnqilabı Keşikçiləri Korpusunun İraqdakı xüsusi “Əl Qüds” qrupuna dəstək verdiyinə görə” sanksiyaya məruz qoyulub. Bəyanatda qeyd olunur ki, əl-Musəvi beynəlxalq maliyyə sisteminə çıxış imkanından “ Əl-Qüds” Qüvvələrinə və İraq İslami Müqavimət Hərəkatının bir hissəsi olan “Kətaib Hizbullah” qruplaşmasına maliyyə yardımı etmək üçün istifadə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın sanksiya tətbiq etdiyi “Fly Baghdad” avişirkəti fəaliyyətini tamamilə dayandırmalı olub.