ABŞ dövlət katibi Yaxın Şərq səfərini heç bir nəticə olmadan başa vurub

ABŞ dövlət katibi Entoni Blinken ötən gün İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra Ramallahda Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasla görüşüb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Blinken bu səfərdə ölkəsinin bölgədə iki dövlətin qurulması prinsipinə sadiq qaldığını deyib.

Blinken Twitter hesabında paylaşımında ölkəsinin Fələstin və İsrail tərəflərini və gərginliyin azaldılması səylərini dəstəkləməyə davam edəcəyini bildirərək, İsrail və fələstinlilərin zorakılığın azaldılması və daha da genişlənməməsi üçün təcili tədbirlər görmələrinin vacibliyini vurğulayıb.

ABŞ dövlət katibi əlavə edib ki, ölkəsi hər hansı bir tərəfin yaşayış massivlərinin genişləndirilməsi də daxil olmaqla, iki dövlətin qurulması həlli yolunu çətinləşdirə biləcəyi hər hansı addımına qarşıdır.

Blinken əlavə edib ki, Fələstin prezidenti Mahmud Abbas və Fələstin Baş naziri Məhəmməd Ştayye ilə görüşündə o, Vaşinqtonun Fələstin xalqına və iki dövlətin qurulması həlli yoluna dəstəyini bir daha vurğulayıb.

Bir sıra ərəb KİV-ləri ABŞ tərəfinin bu açıqlamalarının təkrar olduğunu və Blinkenin Yaxın Şərq səfərinin müəyyən nəticə ilə yadda qalmadığını bildiriblər.