Yalçın İmanov: “Deputatın çıxışı cinayət məsuliyyəti yaradır”

Hüquqşünas Yalçın İmanov Meydan TV-yə deyib ki, Milli Məclisin deputatı Zahid Orucun bu çıxışında bir neçə məqam diqqət çəkir.

“Əvvəla, o hansı məhkəmə və hüquq mühafizə orqanlarının mexanizmidir ki, Prezidentin şərəf və ləyaqətini qorumaq üçün yetərli deyil və yaxud da səmərə vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 323-cü maddəsi Azərbaycan Respublikası Prezidentinin idarəçilik fəaliyyətini və eləcə də onun şərəf və ləyaqətini cinayətkar qəsdlərdən mühafizə edir. Həmin maddə ilə bu vaxta qədər neçə cinayət işinin açıldığı və yaxud da aparılan istintaq tədbirləri və onun nəticələrinə dair hər hansı ictimai məlumatlar mövcud deyil. Ona görə də Zahid Oruc iddia etdiyi kimi Prezidentin şərəf və ləyaqətini alçaldan əməllərə dair məhkəmə və hüquq mühafizə orqanlarının təsirsiz mexanizmləri barədə məlumat versəydi, daha faydalı olardı”.

“Deputatın çıxışı cinayət məsuliyyəti yaradır”

Hüquqşünas hesab edir ki, deputatın çıxışında qanunsuzluğa açıq çağırış var:

“İkincisi, deputatın bu çıxışında qanunsuzluğa açıq çağırış və təhriklər var ki, bu da cinayət məsuliyyəti yaradır. Hərçənd ki, Azərbaycan Konstitusiyası, “Deputatının statusu haqqında” Qanun və Milli Məclisin daxili nizamnaməsi deputatın toxinulmazlığını və onun səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməzliyini nəzərdə tutur, eləcə də indiki siyasi situasiyada Orucun bu toxunulmazlıqdan məhrum ediləcəyi ehtimal kimi belə ağıla gəlmir, ancaq bütün hallarda Milli Məclisin insan haqları komitəsinin sədri kimi bu şəxsin öz çıxışlarında daha məsuliyyətli və qanuni çərçivədə davranmağı tövsiyə edilən olardı”.

Yalçın İmanov bu çıxışın yeni təqiblər üçün əsas yaradacağını da istisna etmir:

“Üçüncüsü, indiyəqədərki pis təcrübə onu deməyə əsas verir ki, adətən, belə rəsmi çıxışlardan sonra hakim siyasəti tənqid edən şəxslərin təqibinin növbəti dalğası baş verir. Zahid Orucun indiki hakimiyyətin “yetişməkdə olan yeni fikir generatoru” adına iddialı olduğunu nəzərə alsaq, bu çıxışdan sonra ölkə daxilində və xaricində tənqidçilərin təqibinin növbəti böyük dalğasının reallaşa biləcəyini ehtimal etmək olar”.

Xatırladaq ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin martın 5-dəki iclasında müəyyən çağırışları özündə ehtiva edən fikirlər səsləndirib.

O deyib ki, müxtəlif informasiya şəbəkələrində Prezident və ailəsi əleyhinə sistemli hücumlar təşkil olunur, amma dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir:

“Dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir və biz hər gün müxtəlif informasiya şəbəkələrində Prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi oluruq. Xalqın müdafiəsini və təhlükəsizliyini hifz edən, o cümlədən Silahlı Qüvvələrin Ali Baş Komandanına qarşı informasiya terroru və şər-böhtan kampaniyası aparılır”.

“Dövlət başçısının mənəvi zirehi yarılırsa, demək, sadə vətəndaşlar tam müdafiəsizdir”

Onun sözlərinə görə, birinci şəxsin səbrini sınağa çəkərək onu quruculuq ideallarından və humanist duyğularından çıxarıb emosional qərarlara çəkmək istəyirlər:

“Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində deyildiyi kimi, lidersizləşdirmə, dövlətsizləşdirmə planı ilə Prezidentə hücum edənlər əslində ölkəyə silahlı xarici təcavüzçülərdən heç nəylə fərqlənmirlər. Millətin vahidliyi, ərazi bütövlüyü və suverenlyi, qələbəmizin simvolu olan şəxsi ləkələməyə çalışmaq Prezidentə səs verən milyonlarla insanın etimadını və ideallarını aşağılamaq deməkdir. Dövlət başçısının mənəvi zirehi yarılırsa, demək, sadə vətəndaşlar tam müdafiəsizdir”.

“Avropa Birliyi ölkələrinin əksəriyyətində ölkə rəhbərinin təhqiri qanunla cəzalandırılır. İtaliya, İspaniya, Almaniya, Polşa və digərlərində buna görə müxtəlif növ cinayət məsuliyyəti mövcuddur. Amerikada Prezidenti söymək azadlığından danışanlar, orada hüquqi cəmiyyət və vətəndaş məsuliyyətinin yuxarı olduğunu unudurlar”, – Zahid Oruc belə deyib.

“Ölkə rəhbərini daim hədəf seçənlərin əsas təhqir coğrafiyası Avropadır”

Deputat qeyd edib ki, İlham Əliyevə hücumlar əsasən Avropadan təşkil olunur:

“Ölkə rəhbərini daim hədəf seçənlərin əsas təhqir coğrafiyası Avropadır və onlar müxtəlif qruplara bölünürlər. Amerika kəşfiyyatına bağlılığı şübhə doğurmayan OCCRP və digər saxta media – məxfi xidmət şəbəkəsi prosesin önündə gedir. Onların yaydıqları “4P proqramı-Peqasus”, “Panama”, “Pandora” və “Paradise” sənədlərinin küfr və cəfəngiyyat olduğunu təmsil etdiyim Mərkəz sənədlərlə sübut edib. Ölkə başçısını müxtəlif xarici siyasət qərarlarından döndərmək, vətəndaş qruplarını onun üstünə qaldırmaq, cəmiyyətdə parçalanmaya nail olmaqla siyasi çevrilişləri həyata keçirmək ən ümdə məqsədləri təşkil edir”.

“İkinci qrupa, erməni lobbi mərkəzləri, Boqosyan-Qlüksman cütlüyü və Qarabağın zəngin sərvətlərini uzun illər sümürən xarici şirkətlər, onların Avroparlament, Avroşuradakı siyasi lobbiçiləri dayanır. Belə hücumlarla ölkəmizdən sərvət və imtiyazlı neft-qaz, yaxud qiymətli əlvan metal kontraktları qazanmağı düşünən böyük korporasiyalar böhtanın sifarişçiləridir. Nəhayət, ölkə rəhbərinin kölgəsinə daş atan digər bir dəstə aşağı muzdlu məişət tüfeyliləri, ayaqlarına və beyinlərinə nəzarət çipləri bağlanmış, hər gün səhərdən-axşamadək cılız tezislərlə təlimatlandırılan mühacirlər, Osmanqızı və digər birnəfərlik şər kanallarıdır. Onlar “Youtube” və digər şəbəkələrdə baxış sayını artırmaq adı altında aldıqları satqınlıq mükafatlarını gizlədirlər”, – deyə komitə sədri bildirib.

“Əgər Prezidentin şərəf və ləyaqətini qorumaq üçün hüquqi  mexanizmlər nəticə vermirsə…”

Deputat çıxışında xüsusi olaraq qeyd edib ki, hüquqi mexanizmlər işləmirsə, təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır:

“Biz beynəlxalq qanunvericilik çərçivəsində ən azı sonuncu qrup təmsilçilərini məsuliyyətə cəlb etmək mexanizmlərini gücləndirməliyik. 1951-ci ildə qəbul olunan Qaçqınların statusuna dair Konvensiya o adamların immuniteti ola bilməz. Əgər Prezidentin şərəf və ləyaqətini qorumaq üçün  məhkəmə və hüquq orqanlarının mexanizmləri nəticə vermirsə, onda təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır”.