Toplum TV-nin ofisi möhürlənib, axtarışlar aparılır

Martın 6-da bir qrup hüquq-mühafizə orqanı əməkdaşı Toplum TV internet nəşrinin ofisində axtarış aparıb. Axtarışdan sonra nəşrin redaksiyasının qapıları möhürlənib.

Bu barədə Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl Amerikanın Səsinə deyib.

“İndi axtarış bitib, ofisimizi möhürləyiblər. Əməkdaşlarımızı Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. Onu bilirəm ki, bizim ofisimizdə qeyri-qanuni heç nə olmayıb. Cinayət üçün heç bir hüquqi əsas verməmişik. Nə tapacaqlar, nə uyduracaqlar, bu artıq onların məsuliyyətidir”, o qeyd edib.

İsmayıl nəşrin neçə əmkdaşının saxlanıldığını bilmir.

“Amma ofisdə olan əməkdaşların heç birinə zəng çatmır”, o qeyd edib.

Xədicə İsmayıl axtarışın səbəbləri barədə bir söz deməyib.

“Sadəcə ölkədə bir repressiya dalğası var. Bütün tənqidi fikirləri susdurmağa çalışırlar. Çalışırlar ki, heç bir tənqid platforması qalmasın. Ölkəni qaraltmağa çalışırlar. Ölkədə bütün işıq gələn yerlər qapananadək yəqin ki, repressiya dalğasını davam etdirəcəklər”, o qeyd edib.

Axtarış yerində olan Amerikanın Səsinin müxbiri bildirib ki, hazırda III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun rəsmiləri Ruslan İzzətli, Elmir Abbasov, Araz Əliyev və Toplum TV-nin jurnalistləri Pərvanə Qurbanlı, Fərid İsmayılov, Alya Ağayeva, Taleh Bədəlov, Sadiq Qurbanov, Müşfiq Cabbarov, Cavid Ramazanov polis tərəfindən aparılıb.

Saat 22 radələrində Toplum TV-nin əməkdaşları Pərvanə Qurbanlı, Alya Ağayeva, Ceyhunə Həsənli sərbəst buraxılıb.

Akif Qurbanov və jurnalist Fərid İsmayılovun mənzilində axtarış bitib, hər ikisi əlləri qandallı aparılıb

Bu gün saxlanılan III Respublika Platformasının spikeri Akif Qurbanov və jurnalsit Fərid İsmayılovun mənzilində axtarış bitib, polislər hər ikisinin əllərini qandalayaraq aparıb.

Vəkil Şəhla İsmayılova Amerikanın Səsinə bildirib ki, Akif Qurbanovun mənzilində axtarış bitib.

“Polsilər Akif Qurbanovun əllərini qandallayaraq mənzilindən apardılar. Axtarış zamanı məni mənzilə buraxmadılar”, vəkil qeyd edib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, toplum TV-nin əməkdaşı Fərid İsmayılovun mənzilində də axtarış başa çatıb, bundan sonra jurnalistin əlləri qandallanaraq aparılıb.

Qeyri-rəsmi məlumata görə, İsmayılovun mənzilindən 3100 avro götürülüb.

Martın 6-da bir qrup hüquq-mühafizə orqanı əməkdaşı Toplum TV internet nəşrinin ofisində axtarış aparıb. Axtarışdan sonra nəşrin redaksiyasının qapıları möhürlənib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirblər ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Əlavə məlumat veriləcəkdir.

Toplum TV 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.