Şah İsmayıl Səfəvi – son dövrlər hədəflənən oyunun pərdəarxası məqamları. 2-ci hissə

Burada qorxulu məqam odur ki, bu günün Azərbaycan dövləti özünü Səfəvi varisi bilərək bu ideyaların davam etdirməsi fikri, etirazçılara elə hakimiyyətin addımlarına arxalanaraq Səfəvi hökumətində dini hədəfə almağa imkan verir. Məsələ burasındadır ki, Azərbaycanın indiki hakimiyyəti ölkənin kimliyində xüsusi rola malik din məfhumuna olduqca həssas yanaşır. Rejim dinin kimliyini, onun varlığını sevərək qəbul edir. Ancaq onun sevdiyi “İslam” öz maraq və düşüncələrinə tabe olan, hakimiyyətə xidmət edən bir din olaraq göründüyündən, onu dəyişdirmək üçün bütün imkanlardan istifadə edir. Bu dəyişikliklərin müəyyən “uğurlu” nəticələri rejimin bu istiqamətdəki “zəhmətinə” mükafat sayıla bilər.

Ancaq tam istənilən “müasir İslam”ın əldə edilməsi, onun istənilən formaya düşməsi çətin bir maneə ilə qarşılaşaraq hakimiyyətin bu istiqamətdə qorxulu kabusuna çevrilib. Bu maneə şiəlik və bu məzhəbin yumşalmayan, “Amerika İslamı”na uyğunlaşmayan varlığıdır.

Rejim illərdir bundan əziyyət çəkir. Minlərlə inanclının həbsi, təzyiq və təqiblər, işgəncələr məhz bu məzhəbin Aşura məktəbinə əsaslanan dəyişməz xəttidir. Sərt təpki ilə bunu dəyişə bilməyən hakimiyyət daxildə anti-şiə təbliğat maşınlarını işə salıb – sünnülük adı altında vəhhabiliyi, vətənpərvərlik adı altında dinsizliyi, ateizm düşüncəsi ilə şiəliyin təhqirini, milli düşüncə adı altında “Amerika İslamı”nı qabartma siyasətini həyata keçirir. Məhz bu gün cürətlənərək Şah İsmayıl Xətai irsini hədəfə alanlar, ölkədə hakimiyyətin şiəliyi müxtəlif adlarla gözdən salma siyasətinə söykənərək daha yüksək nöqtəyə – Səfəvi dövlətinə, Azərbaycanın dövlətçilik əsasına ağız büzənlərdirlər.

Burada vəziyyət olduqca çətindir. Birmənalıdır ki, mübahisənin əsas iştirakçısı olan hakimiyyət milli irsimizə sahib çıxmalı və onu dövlət səviyyəsində müdafiə etməlidir. Əks halda o, illərdir Səfəvi dövlətinin varisi fikirlərini şübhə altına qoya bilər. Ancaq bunu elə həyata keçirməlidir ki, Səfəviliyin müdafiəsi şiəliyin hədəfdən qaldırılmasına səbəb olmasın.

Hal-hazırkı qarışıq mənzərədə hakimiyyət yenə də öz maraqlarını qorumağa çalışır. O, Səfəvi dövlətini müdafiə edir, lakin bu məsələdə incə xətt tutmağa üstünlük verir. Bununla da illərdir şiəliyin hədəfə alınma siyasətinin aktuallığını dəyişməməyə çalışır.

Rejimə yaxın media orqanları Səfəvi irsini qəbul etdiklərini söyləsələr də, bunu bir tarix olaraq elə o zamanda qapamağın tərəfdarıdırlar. Onlar 1992-ci ildən sonra yaranan və ən son tarixi, bu tarixin qəhrəmanlarını tanıtmaq və tədqiq etməyi daha zəruri hesab edirlər. Nəticə olaraq Səfəvinin adını qəbul edir, lakin digər irsində olanları tarixin o səhifəsində saxlanılmasının tərəfdarı olduqlarını göstərirlər.