Yunanıstanda böyük etirazlar: İsraillilərə təhlükəsizlik xəbərdarlığı

Yunanıstandakı gərgin vəziyyətlə əlaqədar İsrail Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarını xüsusilə ehtiyatlı olmağa və səfərlər zamanı tövsiyələri nəzərə almağa çağırıb.

İsrail mediasının məlumatına görə, İsrail XİN avqustun 9-u bazar gününə planlaşdırılan kütləvi nümayişlər fonunda Yunanıstanda olan israililər üçün xüsusi xəbərdarlıq yayımlayıb. Aksiyaların turistlər arasında məşhur olan istiqamətlər də daxil olmaqla, ölkənin onlarca bölgəsində keçirilməsi gözlənilir.

İsrail vətəndaşlarına yüksək ehtiyatlılıq nümayiş etdirmək və nümayişlərin keçirildiyi yerlərə yaxınlaşmamaq tövsiyə olunur. Qurum kütləvi toplaşmaların iğtişaşlarla müşayiət oluna biləcəyindən və təhlükəli vəziyyətlərə gətirib çıxaracağından ehtiyat edir. Etiraz aksiyaları Afina və Salonikidə, habelə Yunanıstan adalarında, turizm mərkəzlərində və digər yaşayış məntəqələrində planlaşdırılıb. Nümayişlər Qəzza bölməsindəki müharibə ilə bağlıdır.

Bu fonda Yunanıstandakı israililərə aksiya iştirakçıları ilə hər hansı mübahisələrdən və birbaşa toqquşmalardan çəkinmək məsləhət görülür. Hətta təxribatlar baş verdikdə belə, turistlərə münaqişəyə girməmək və potensial təhlükəli ərazini tərk etmək tövsiyə olunur.

Ayrıca tövsiyə İsrail və yəhudi simvolikasına aiddir. XİN etiraz tədbirləri zamanı ictimai yerlərdə bu simvolların nümayişini minimuma endirməyi məsləhət görür.

Qurum, həmçinin turistlərin sosial şəbəkələrdəki fəallığına da diqqət çəkib. İsraililərdən dəqiq yerləşmə məkanlarını real vaxt rejimində paylaşmamaq xahiş olunub ki, kənar şəxslər onların harada olduğunu müəyyən edə bilməsinlər. Hazırda Yunanıstanda istirahət edənlərə planlaşdırılan gəzinti və ya səfər ərazisindəki vəziyyəti əvvəlcədən yoxlamaq tövsiyə olunur. Çoxlu sayda nümayişçinin gözlənildiyi yerlərdə xüsusi ehtiyatlı olmaq lazımdır.

İsraililərə, həmçinin Yunanıstan hakimiyyətinin məlumatlarını izləmək və yerli təhlükəsizlik qüvvələrinin tələblərinə əməl etmək tövsiyə olunur. Vəziyyət dəyişəcəyi təqdirdə, etirazçıların yanında olmamaq üçün marşrutlara düzəliş edilməsi məsləhət görülür.