Türkiyə üzərindən gizli Rusiya qazı qorxusu – Avropa hərəkətə keçdi

Avropa İttifaqının Rusiya qazından imtina planı Türkiyə üzərindən Avropaya qaz tədarükündə yeni tələblər yaradıb.

Avropa ölkələri Türkiyədən aldıqları qazın Rusiya mənşəli olmadığının sənədlə təsdiqlənməsini istəyirlər.

Türkiyənin energetika naziri Alparslan Bayraktar açıqlamasında bildirib ki, avropalı tərəfdaşlar Türkiyə üzərindən Rusiya qazından başqa istənilən mənşəli qazı almağa hazır olduqlarını bildirirlər.

“Avropalı həmkarlarımız bizə gəlir və deyirlər ki, Türkiyə üzərindən Rusiya qazından başqa istənilən qazı almaq istəyirlər. Boru kəmərinə daxil olan qazın mənşəyi məlum deyil. Amma bu qaz ticarət predmetinə çevrilirsə və sövdələşmə hüquqi şəkildə rəsmiləşdirilirsə, biz onun hansı ölkədən gəldiyini sənədlə təsdiqləməliyik”, – Bayraktar deyib.

Avropa İttifaqı 2026-cı ilin yanvarında Rusiya qazından mərhələli şəkildə imtina proqramını təsdiqləyib. Plana əsasən, Aİ 1 yanvar 2027-ci ildən Rusiya mayeləşdirilmiş təbii qazından (LNG), 30 sentyabr 2027-ci ildən isə boru kəmərləri ilə nəql edilən Rusiya qazından tamamilə imtina etməyi planlaşdırır.

Bayraktar bildirib ki, Brüsselin bu niyyəti Avropa ölkələri üçün həm iqtisadi, həm də infrastruktur baxımından çətinliklər yaradıb.