Əli Kərimlinin məhkəməyə aparılarkən huşunu itirib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin məhkəmə iclaslarından birinə aparılarkən huşunu itirdiyi bildirilir.

Bu barədə avqustun 7-də Belarusun "Xartiya 97" xəbər saytı siyasətçinin yaxınlarına istinadən məlumat verib.

Məlumata görə, Ə.Kərimli iyun ayında Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesə aparılarkən Penitensiar Xidmətin əməkdaşlarından su istəyib. Yaxınları deyir ki, qızmar hava şəraitində su ilə təmin olunmayan siyasətçi avtomobildə huşunu itirib.

"Bu cür dəhşətli istidə mənə su da vermirlər. Məni öldürürlər", - Ə.Kərimli prosesdə bildirib.

Ə.Kərimlinin saxlanma şəraitinin pisləşməsi ilə bağlı məlumatlar vaxtaşırı hüquq müdafiəçiləri tərəfindən ictimailəşdirilir.

Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsinin avqustun 1-də yaydığı məlumata görə, partiya sədri artıq bir neçə aydır psixi problemli şəxslə eyni kamerada saxlanılır və onun yuxu rejiminin pozulmasına şərait yaradılır. Eyni zamanda, siyasətçinin telefon zəngi, ailə ilə görüş, gəzinti, informasiya almaq kimi hüquqlarının da məhdudlaşdırıldığı deyilir.

Əli Kərimli ötən il dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Onunla yanaşı AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də eyni ittihamla həbs olunub. Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.