Rusiya Ermənistanın Qərbə yönəlməsindən narahatdır; İki ölkənin müttəfiqliyi şübhə altındadır

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeyev Ermənistanın Moskva ilə müttəfiqlik öhdəliklərinə sadiqliyini şübhə altına alaraq, İrəvanın Qərbə yaxınlaşmasının iki ölkə arasında strateji münasibətlərə zərbə vurduğunu bildirib.

Rusiya XİN rəsmisi Aleksey Fadeyev deyib ki, Ermənistanın Rusiya ilə həqiqi müttəfiqlik əməkdaşlığına hazır olması ciddi suallar doğurur. Onun sözlərinə görə, İrəvan Moskva ilə "eksklüziv münasibətlər" modelindən imtina etdiyini bildirir və bunu alternativ xarici siyasət kursu ilə əsaslandırmağa çalışır. Fadeyev qeyd edib ki, Ermənistan rəhbərliyi paralel olaraq Qərblə daha sıx əməkdaşlıq barədə ictimaiyyətə ardıcıl mesajlar verir.

Rusiya rəsmisi vurğulayıb ki, Ermənistan səs-küylü siyasi bəyanatlar verməzdən əvvəl iki ölkə arasında qüvvədə olan müttəfiqlik sazişləri və hüquqi öhdəlikləri nəzərdən keçirməlidir.

Bu açıqlama son aylarda Moskva ilə İrəvan arasında artan siyasi gərginliyin növbəti göstəricisi kimi qiymətləndirilir. Ermənistanın Avropa İttifaqı və ABŞ-la münasibətləri genişləndirməsi, eləcə də KTMT-də fəaliyyətini faktiki dondurması Rusiyada narazılıq yaradıb. Bu kontekstdə Fadeyevin bəyanatı Kremlin İrəvana xəbərdarlıq mesajı kimi dəyərləndirilir və Moskvanın Cənubi Qafqazda təsir imkanlarını qorumaq niyyətini bir daha nümayiş etdirir.