Yəhudilər sürətlə İsraili tərk edir

Son üç ildə İsraildən daimi yaşayış məqsədilə xaricə köçənlərin sayı rekord həddə çatıb. Təl-Əviv Universiteti tədqiqatçılarının hazırladığı araşdırmada bildirilir ki, təkcə 2025-ci ildə ölkəni tərk edən israillilərin sayı 90 min 922 nəfər olub. Bu barədə vesty.co.il saytının məlumatında deyilir.

İsrailin Mərkəzi Statistika Bürosu ilin əvvəlində 2025-ci ildə ölkəni rekord sayda- 69 min İsrail vətəndaşı tərk etdiyini bildirmişdi. “Xarici rifah görüntüsünə və “güclü yəhudi dövləti” ritorikasına baxmayaraq, İsrail bu gün vətəndaşlarını misli görünməmiş sürətlə itirir. Təkcə son iki ildə - 2024 və 2025-ci illərdə - ölkəni 150 mindən çox insan tərk edib. Əslində söhbət getdikcə daha avtoritarlaşan rejimin təzyiqlərinə tab gətirə bilməyən orta təbəqənin, ziyalıların və gənc ailələrin kütləvi şəkildə ölkədən qaçmasından gedir” deyə, məlumatda bildirilirdi.

O da bildirilirdi ki, kütləvi axının əsas səbəbi hakim koalisiyanın daxili siyasi kursu hesab olunur: ““Yəhudi kimliyinin qorunması” və “milli təhlükəsizlik” bəhanəsi ilə ölkədə fərqli düşüncə boğulur, vətəndaş cəmiyyətinin institutları və hüquq sistemi dağıdılır. Baş nazir Benyamin Netanyahunun həyata keçirdiyi məhkəmə islahatı faktiki olaraq məhkəmə hakimiyyətinin müstəqilliyini ləğv edərək onu icra hakimiyyətinin əlavəsinə çevirib. Dini baxışları fərqli yəhudilərə qarşı ayrı-seçkilik güclənib. Qəzzada insan hüquqlarının pozulması, humanitar yardımın blokadası, infrastrukturun dağıdılması və mülki əhalinin məqsədli şəkildə kütləvi qətlə yetirilməsi İsrailin yalnız diplomatik təcridinə deyil, həm də öz vətəndaşlarının etimadını itirməsinə səbəb reallığa çevrilib”.

Xəbərə görə, İsrail elitası onilliklər boyu ölkəni “dünyadakı bütün yəhudilər üçün təhlükəsizlik qalası” kimi təqdim edib: “Lakin məhz bu elitanın siyasəti Avropada, ABŞ-da və digər regionlarda antisemitizmin artmasının əsas katalizatoruna çevrilib. Özünü “yəhudi dövləti” adlandıran bir ölkə bütün yəhudilik adından hərbi cinayətlər törətdikdə, avtomatik olaraq bütün dünya yəhudilərini risk altına atır.

2023-cü ilin oktyabrından etibarən Qərb ölkələrində antisemit insidentlərin sayı kəskin şəkildə artıb ki, bu da İsrail rejiminin fəaliyyətinə verilən reaksiyadır. Məlumatda bildirilir ki, ölkəni tərk edənlərin əksəriyyəti yəhudilər - ümumi mühacirlərin 94,3 faizidir. Bunlar marginal təbəqələr deyil, dövlətin texnoloji və intellektual inkişafını təmin edən təhsilli, iqtisadi cəhətdən aktiv vətəndaşlardır. Eyni zamanda, geri qayıdanlar arasında yəhudilərin payı azalır.

Yəhudilərin İsraildən kütləvi miqrasiyası sadəcə sosial-iqtisadi hadisə deyil. Bu, siyasi qaçışdır. Onlar Yaxın Şərqdə sülhü təhlükə altına atan rejimin parçası olmaq istəmirlər”.