HƏMAS ağır silahları yerə qoyması üçün şərtlərini açıqlayıb

Fələstinin HƏMAS müqavimət hərəkatı bəyan edib ki, təşkilatın ağır silahlarla bağlı öhdəliyə əməl etməsi İsrailin razılaşmanın bütün müddəalarını yerinə yetirməsindən asılıdır və xüsusilə qoşunların Qəzza zolağından tam çıxarılması, eləcə də İsrailin hücumlarının dayandırılması ilə bağlıdır.

HƏMAS hərəkatı bəyan edib ki, İsrail işğalçı qüvvələrinin qətlləri dayandırması və təcavüzə son qoyması atəşkəs razılaşmasının ikinci mərhələsinin icrasına başlamaq, eləcə də əldə olunmuş razılaşmalar üzrə çərçivə və zaman qrafikini müəyyənləşdirmək üçün əsas şərt və ilk addımdır. Hərəkat vurğulayıb ki, ikinci mərhələnin tətbiqi işğalçı tərəfin birinci mərhələnin bütün bəndlərini tam yerinə yetirməsindən asılıdır.

Cümə günü yayımlanan bəyanatda bildirilir ki, HƏMAS və digər Fələstin fraksiyaları xalqın qorunması, humanitar ehtiyacların ödənilməsi və milli hüquqların müdafiəsi naminə danışıqlar prosesinə, eləcə də vasitəçilərin təkliflərinə məsuliyyətlə və müsbət yanaşıblar.

Bəyanatda həmçinin qeyd olunub ki, ağır silahlar mövzusunun razılaşma çərçivəsinə daxil edilməsinə razılıq verilıməsi müəyyən şərtlərə bağlanıb. Bu şərtlərə təcavüzün bütün formalarının dayandırılması, qoşunların Qəzza zolağından çıxarılması, ilkin bərpa prosesinin başladılması, İnzibati Komitənin fəaliyyətə başlaması, beynəlxalq mühafizə qüvvələrinin yerləşdirilməsi, işğalçı tərəfin yaratdığı silahlı dəstələrin və milislərin ləğv edilməsi, yenidənqurma işlərinin aparılması, özmüqəddəratını təyinetmə hüququnun təmin olunması və müstəqil Fələstin dövlətinin qurulması daxildir.

Sonda HƏMAS və Fələstin fraksiyaları Qəzza zolağında müqavimət göstərən fədakar xalqa salam və ehtiramlarını çatdıraraq, fələstinlilərin hüquqlarının qorunması istiqamətində birgə mübarizəni davam etdirəcəklərini bəyan ediblər.