Çindən ABŞ-a qarşı sanksiyalar və ixrac məhdudiyyətləri

Çin ABŞ-yə qarşı cavab tədbirləri çərçivəsində yeni sanksiyalar tətbiq edib və pilotsuz uçuş aparatlarının (PUA) tədarük zənciri ilə bağlı ixrac nəzarətini daha da gücləndirib.

Bu barədə Çinin Kommersiya Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bundan sonra dronların, onların əsas hissələrinin və bu sahəyə aid texnologiyaların ABŞ-yə ixracı hər bir müraciət üzrə ayrıca və ciddi şəkildə qiymətləndiriləcək. Yeni qaydalar dərhal qüvvəyə minib.

Qeyd olunub ki, bu addımlar ölkənin milli təhlükəsizliyinin təmin edilməsi və Çinin nüvə və hərbi texnologiyaların yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməsi məqsədi daşıyır.

Bununla yanaşı, Çinin Kommersiya Nazirliyi altı ABŞ təşkilatını da cavab sanksiyaları siyahısına əlavə edib. Yeni qərara əsasən, Çin şirkətləri və vətəndaşlarına həmin qurumlarla əməkdaşlıq etmək qadağan olunub. Nazirlik bu təşkilatları Vaşinqtonun Çinə qarşı sanksiya siyasətini dəstəkləməkdə ittiham edib və onların fəaliyyətini qəbuledilməz adlandırıb.