“Qaya məscidləri” UNESCO-nun Ümumdünya İrs Siyahısında

Qazaxıstanın qərbində yerləşən Manqistau vilayətinin “Qaya Məscidləri” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Manqistaunun qaya məscidləri (Beket-ata, Şopan-ata, Karaman-ata, Şakpak-ata, Sultan-epə) UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu qərar Ümumdünya İrs Komitəsinin 48-ci sessiyasında qəbul olunub.

Qaya məscidləri Qazaxıstanın qərbindəki Manqistau yarımadasında əhəngdaşı qayalarında oyulmuş və ya tamamilə yeraltında inşa edilmiş dini tikililərdir. Onlar təxminən X əsrdən XIX əsrə qədər, yəni min ilə yaxın müddətdə yaradılıb. Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin məlumatına görə, ən çox ziyarət olunan qaya məscidlərindən biri Şopan-ata məscididir. Məscid yumşaq qayada oyulmuş 12 otaqdan ibarətdir. Əsas zalın mərkəzində zəvvarların dualarına yol göstərirmiş kimi görünən iki taxta dirək yerləşir. Digər iki qaya məscidi isə Karaman-ata və Şakpak-atadır. Karaman-ata Manqistauda tamamilə yeraltında tikilmiş yeganə məsciddir. Onun daxilində bir neçə namaz zalı və onları birləşdirən dəhlizlər yerləşir. Şakpak-ata isə qaya daxilində xaç formasında oyulmuş tikilidir. Burada bir neçə otaq, nişlər və tənha ibadət etmək üçün nəzərdə tutulmuş hücrələr mövcuddur.

Qeyd edək ki, sonuncu dəfə Qazaxıstanın milli mədəni irsinə aid bir obyekt 22 il əvvəl UNESCO-nun nüfuzlu Siyahısına daxil edilmişdi (2003-cü ildə Xoca Əhməd Yəsəvi mavzoleyi, 2004-cü ildə isə Tanbalı petroqlifləri siyahıya salınmışdı)