Roma Papası Qəzzada atəşkəsə və Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsinə çağırıb

Bazar günü Pasxa münasibətilə çıxış edən Roma Papası Fransisk Qəzzada dərhal atəşkəsə və bütün israilli girovların azad edilməsinə çağırıb.

Pontifik Müqəddəs Pyotr Meydanında ibadət mərasiminin ardınca ənənəvi “Urbi et Orbi” (“Şəhərə və dünyaya”) mesajını çatdırıb.

“Mən bir daha Qəzzaya humanitar yardımın çatdırılmasına imkan verilməsinə çağırıram, bir daha keçən il oktyabrın 7-də girov götürülənlərin tezliklə azad edilməsinə və Qəzza zolağında dərhal atəşkəsin əldə edilməsinə çağırıram,” - deyə, Roma Papası bildirib. “Biz uşaqların gözlərində nə qədər iztirab görürük, bu döyüş bölgələrindəki uşaqlar gülümsəməyi unudublar. Uşaqlar öz gözləri ilə bizdən soruşurlar: “Niyə? Bütün bu ölümlər nə üçündür? Bütün bu dağıntılar nəyə görədir? Müharibə həmişə absurd və məğlubiyyətdir,” Papa Fransisk deyib.

Roma Papası müraciətində Ukrayna, Suriya, Livan, Ermənistan və Azərbaycan, Haiti, Myanma, Sudan da daxil olmaqla, dünya boyu digər gərginlik ocaqlarını xatırladıb.

Papa Fransisk həmçinin Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsinə çağırıb. Roma Papası keçən il kardinal Matteo Zuppiyə ukraynalı uşaqların Rusiyadan və Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərindən repatriasiyasında vasitəçi kimi çıxış etməyi tapşırmışdı.

Pontifik mesajında insan alverini pisləyib və zorakılıq, aclıq və iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkənlərə “ümid yolu” və “terrorizmin bütün formalarının qurbanları” üçün dua edib.

 

 

 

AmerikanınSəsi