“Cavid Güləliyevi – bu manyakı dayandırın! Onun səlahiyyət sahibi olduğu yerdə heç kim təhlükəsizlikdə deyil. Dəhşətli hadisələrin qarşısını alın!”

Həbsdə olan jurnalist Fatimə Mövlamlı Bakı İstintaq Təcridxanasından göndərdiyi məktubda noyabrın 20–21-də qadın məhbuslara qarşı zorakılıq və təhdidlərin olduğunu yazır.

Onun sözlərinə görə, “hicaba azadlıq” aksiyalarından sonra həbs edilən Nübar Həsənova və Nərgizxanım Məmmədovanın Lənkəran Penitensiar Kompleksinə köçürülməsi zamanı qadınlar kameralarından zorla çıxarılıb. Buna etiraz edən digər qadın məhbuslar isə oturaq aksiya keçiriblər.

Mövlamlı yazır ki, ertəsi gün Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyev Tibb-Sanitar Hissəsinə gəlib və etiraz edən qadınların kamerasının qapısını təpikləyib. Jurnalistin iddiasına görə, Güləliyev qadınlarla bağlı təhqiramiz və seksual zorakılıq məzmunlu ifadələr işlədib.

Fatimə Mövlamlı onun qarşısını almağa çalışdığını deyir: “Sən öl tapdalayaram səni. Mənə qadın kişi fərq eləmir”, - jurnalistin sözlərinə görə, Cavid Güləliyev ona belə deyib.

Mövlamlı bildirir ki, rəis müavini iki dəfə onun üzərinə yeriyib. O, Güləliyevin nəfəsindən spirt qoxusu gəldiyini də iddia edir.

Jurnalistin yazdığına görə, hadisə zamanı “Meydan TV işi” üzrə həbsdə olan qadın jurnalistlərin kameralarının nəfəslikləri bağlanıb və ağır əməliyyatdan yeni çıxmış Aynur Elgünəşin səhhəti pisləşib.

Mövlamlı həmçinin etiraz edən qadınların axşamadək təkadamlıq kamerada ac və susuz saxlanıldığını, onlardan bir neçəsinin hicabını açmaqla hədələndiyini bildirir.

Onun sözlərinə görə, həmin gün saat 16:00-dək telefon xətti də kəsilib və məhbusların böyük hissəsi zəng etmək imkanından məhrum olunub.

Fatimə Mövlamlı məktubunda Ədliyyə naziri Fərid Əhmədova da müraciət edib:

“Cavid Güləliyevi – bu manyakı dayandırın! Onun səlahiyyət sahibi olduğu yerdə heç kim təhlükəsizlikdə deyil. Dəhşətli hadisələrin qarşısını alın!”