Həbsdəki alimin 10 gündür aclıq etdiyi deyilir

İstanbul Universitetinin azərbaycanlı doktorantı Fazil Qasımovun həbsdə 10 gündür aclıq etdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna məlumat verən yaxınlarının dediyinə görə, Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsindəki penitensiar müəssisədə saxlanılan F.Qasımov qanunsuz həbsdə saxlanmasına, yazdığı şikayət və ərizələrin göndərilməməsinə etiraz edir: "Mayın 10-dan aclığa başlayıb. Heç bir cinayət törətmədiyi halda, Bakı Ağır Cinayətlər Məhkəməsi saxta valyuta ittihamı ilə 9 il cəza kəsdi. Bircə dənə də sübut ortaya qoyulmadı. Fazil Qasımov isə təqsirsiz olduğunu təsdiqləyən nə qədər sübutlar gətirdi, heç birini nəzərə almadılar. Bu adamın da gücü ancaq öz canına qıymağa çatır".

F.Qasımovun aclıq aksiyası keçirməsi barədə deyilənləri vəkili Nemət Kərimli də AzadlıqRadiosuna təsdiqləyib. O bildirib ki, müvəkkili mayın 10-dan aclığa başlayıb.

F.Qasımov iqtisadçı Qubad İbadoğlunun həbsindən təxminən 10 gün sonra – 2023-cü ilin avqustunda İstanbulda saxlanılıb və Bakıya gətirilib. Onunla eyni cinayət işi üzrə təqsirləndirilərək həbs olunan alimin işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

F.Qasımov nəyə özəlliklə etiraz edir?

Cinayət işinin materiallarında iddia edilir ki, F.Qasımov 2023-cü ilin iyununda İstanbulda iqtisadçı Q.İbadoğlu ilə görüşüb və ona da saxta yüz dollarlıq əskinaslar verib. Q.İbadoğlu da həmin saxta əskinasları Bakıya gətirib.

Bakı Apellyasiya Məhkəməsində ilkin iclasda müdafiə tərəfi vəsatət verib ki, F.Qasımovun şikayətinə məhkəmə istintaqı aparılmaqla (sübutların araşdırılması, şahidlərin dindirilməsi və s.) baxılsın. Özəlliklə professor Q.İbadoğlunun məhkəməyə çağrılıb şahid qismində dindirilməsi tələb edilib. Vəkil vurğulayıb ki, F.Qasımova Q.İbadoğlu ilə əlbirlik ittihamı verilib. İddia olunur ki, saxta valyutanı Türkiyədən Bakıya Q.İbadoğlu vasitəsiylə göndərib.

Müdafiəçi deyir ki, Q.İbadoğlu dindirilmədən bu məsələyə məhkəmənin hüquqi qiymət verməsi mümkün deyil. F.Qasımovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılanda da müdafiə tərəfi bu haqda vəsatət qaldırıb, ancaq təmin edilməyib.

Apellyasiya məhkəməsi də vəsatəti təmin etməyib. Qərar verilib ki, F.Qasımovun apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılsın. Bu da F.Qasımovun etirazını doğurub.

Onun aclıq etməsi və hazırkı durumu barədə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) keçmiş sədri, iqtisadçı professor Q.İbadoğlu 2023-cü ilin iyulunda Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) maddəsiylə həbs edilib.

O, saxlandığı gün təşkilatın ofisində axtarış aparılıb və 40 min dollar tapıldığı, bunun bir hissəsinin saxta olduğu iddia edilib. Təqsirləndirilən professor bu pulların ofisə elə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən atıldığını söyləyib.

İstintaqın gedişində Q.İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələriylə ittiham verilsə də, o bu ittihamı da qəbul etmir, cinayət işində yazılanları yalanlayır.

Onun tanışı olan alim F.Qasımov 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Bakıya gətirilib. Ona da CM-in 204.3.1-ci maddəsiylə ittiham verilib.

Q.İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Avqustda isə onunla bağlı cinayət işi ümumi işdən ayrılıb. F.Qasımovun haqqındakı cinayət işi məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə F.Qasımova 9 il həbs cəzası kəsilib.

Q.İbadoğlu həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla əsaslandırıb.

 

 

AzadlıqRadiosu