Leyla Mustafayeva: “Abzas Media” fəaliyyətini Avropada davam etdirəcək

“Abzas Media” internet nəşri redaksiyasını Bakıdan Berlin şəhərinə köçürüb. Nəşr distant şəraitdə Avropanın müxtəlif ölkələrində olan əməkdaşları ilə birgə fəaliyyətini davam etdirəcək. Hazırda “Abzas Media”nın 6 jurnalisti və əməkdaşı Azərbaycanda həbsdədir.

Nəşrin yeni redaktoru Almaniyada mühacirətdə olan jurnalist Leyla Mustafayevadır.

Mustafayeva Amerikanın Səsinə müsahibəsində bildirib ki, həbsdəki əməkdaşlarla məsləhətləşmələrdən sonra belə bir qərar qəbul edilib.

“Son həbslərdən də gördük ki, ölkədə azad media mühiti həddindən artıq çox sıxışdırılıb. Bunu hökumətin özünə məxsus olan mediada apardığı kampaniyalardan da görürük. Seçki öncəsi paralel olaraq jurmalistlərin həbsi də davam edir. Çox əlverişsiz bir şərait yaranıb. Ümumiyyətlə “Abzas Media”nın Azərbaycanda fəaliyyət göstərməsi müşkülə çevrilib”, o qeyd edib.

Leyla Mustafayevanın sözlərinə görə, “Abzas Media”nın əməkdaşları həbs olunanda “Qadağan olunmuş hekayələr” ("Forbidden Stories") Konsorsiumu “Abzas Media”nın araşdımalarını davam etdirəcəklərini bəyan edib.

“Dünən Avropa mediasında ilkin olaraq Azərbaycanla bağlı araşdırmalar və insan haqlarının pozulması barədə yazılar dərc olundu”, o deyib.

Leyla Mustafayeva hesab edir ki, “Abzas Media”nın Berlindən fəaliyyət göstərməsi daha əlverişlidir.

“Çünki biz ehtiyatlı jurnalistika ilə məşğul olmaq istəmirik. Materiallarımız özümüzün internet səhfəmizdə yayılacaq. Artıq “Abzas Media”nın internet səhifəsinə Azərbaycanda giriş mümkün deyil. Burada, Berlində biz artıq fəaliyyətimizi qurmuşuq. Ofisimiz distant fəaliyyət göstərir. Biz artıq "Forbidden Stories" Konsorsiumu ilə müşətərk işləyəcəyik. “Abzas Media” artıq tək deyil. Onun Avropada tərəfdaşı olan xeyli sayda jurnalsit və media qurumları var”, o qeyd edib.

Leyla Mustafayevanın sözlərinə görə, artıq "Forbidden Stories" Konsorsiumun bir araya gətirdiyi 15 media qurumu ilə əməkdaşlıq edən 40 araşdırmaçı jurnalist “Abzas Media”nın yarımçıq qalan araşdırmalarını davam etdirəcək.

“Abzas Media” əsasən ölkə daxilində baş verən korrupsiya araşdırmalarını dərc edirdi. Amma indi araşdırmaların cevrəsi böyüyüb. Prezident İlham Əliyevin və onun yaxın çevrəsinin, nazirlərin və digər vəzifəli şəxslərin Avropada biznes əlaqələri və əmlakları var. Bu istiqamətdə araşdırmalar başlayıb”, o qeyd edib.

Mustafayeva nəşrin həbsdə olan əməkdaşlarının azadlığa buraxılması üçün fəaliyyətlərini davam etdirəcəklərini də bildirib.

“Necə ki, əvəllər həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı mübarizə aparmışıq, indi də jurnalistlər azadlığa buraxılana qədər mübarizəmizi davam etdirəcəyik”, .Leyla Mustafayeva bildirib.

Artıq dünyanın 15 nüfuzlu media qurumu “Abzas Media”nın işini davam etdirmək üçün araşdırmalar aparacağını bəyan edib. Belə ki, “Abzas Media”nın dərc edəcəyi məqalələri "Forbidden Stories" Konsorsiumu, həmçinin France 24, rfi, The Guardian, Le-Monde, Paper Trial, arc, OCCRP, Der Standard, ZDF, RTS, Knack, IRPI Media, Radio France, Le Soir və ZDF-in auditoriyası oxuyacaq.