Latın Amerikası Sammitində Fələstinə çağırış

Latın Amerikası və Karib Dövlətləri İcması (CELAC) VIII. Zirvə toplantısına qatılmaq üçün ada ölkəsi Sent Vinsent və Qrenadaya gedən Venesuela prezidenti Nikolas Maduro mətbuatın Qəzza ilə bağlı suallarını cavablandırıb.

Maduro: “Liderlərlə Qəzzada davam edən soyqırımı müzakirə edəcəyik. Qəzzada törədilən qırğın və soyqırımı dayandırmaq üçün beynəlxalq hüquq kifayət deyil. Hər gün törədilən bu qırğın qarşısında beynəlxalq hüquq nə edir? Niyə Qəzza əhalisini qorumur? O, ancaq ABŞ və Avropanın maraqlarını qorumaq üçün səsini ucaldır.

Yemək istəyən bu insanları niyə öldürdün? Fələstinli mülki şəxslər humanitar yardım almağa çalışarkən, İsrail əsgərləri öz silahları ilə 107-dən çox insanı qətlə yetiriblər. Bu nə adlanır? Beynəlxalq hüquqdurmu? Soruşuram, hanı bu beynəlxalq ədalət? Bəs beynəlxalq hüquq nəyə yarayır? Bu, yalnız imperializmin qırğınını gizlətməyə xidmət edirmi?” deyə bildirib.

Eyni sammitdə çıxış edən Kolumbiya prezidenti Qustavo Petro Latın Amerikası ölkələrini İsrailin Qəzzaya davam edən hücumlarına qarşı "bir səs" olmağa çağırıb. Petro Qəzza ilə bağlı ortaq mövqenin müəyyən edilməsi üçün bütün Latın Amerikası ölkələrinin iştirakı ilə görüş tələb edib.

İsrailin Qəzzada davam edən hücumlarını xatırladan Petro, "Davam edən Fələstin-İsrail münaqişəsi yeni bir problem deyil. Bəzi qüvvələr problemi dərinləşdirir və Qəzzada insanlıq məhv edilir" deyib.

Prezident Petro ABŞ, Almaniya, Fransa və İngiltərəni tənqid edərək, onları İsrailin Qəzzanı bombalamasına dəstək verməkdə ittiham edib.

CELAC Sammitində açılış nitqi ilə çıxış edən Sent Vinsent və Qrenadinin Baş naziri Ralf Qonsalves İsrailin fələstinlilərə qarşı hücumlarını pisləyib və “azad və müstəqil” Fələstin Dövlətinin yaradılmasına çağırıb.

Kolumbiya mətbuatında yer alan xəbərə görə, Petronun Qəzza çağırışına Meksika, Braziliya, Honduras, Çili, Saint Vinsent və Qrenadinlər, Venesuela, Qayana, Baham adaları, Boliviya və Barbados dəstək verib.