Keçmiş prezident və onun ailə üzvlərinin təminatı üçün ayrılan vəsait artırılır

2020-ci ildə Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı üçün 327 min 170 manat vəsait ayrılacaq.
 
Bu barədə Meydan.TV məlumat verib.
 
Məlumata görə, növbəti ilin dövlət büdcəsinin zərfində qeyd edilib. 2019-cu ilin büdcəsində keçmiş prezident və onun ailə üzvlərinin təminatı üçün 312,7 min manat ayrılmışdı.
 
2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.
 
"Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Qanuna əsasən, keçmiş Prezident Azərbaycan Respublikasının fəaliyyətdə olan Prezidentinin aylıq vəzifə maaşının 50 faizi məbləğində aylıq pensiya alır. Bu pensiya, müavinət və digər ödənişlərin məbləği gəlir vergisindən azad edilir.
 
Qanuna əsasən, keçmiş Prezidentə ödənilməli olan pensiya və digər ödənişlər onun Prezident vəzifəsini tərk etdiyi gündən vəfat etdiyi günədək ödənilir. Keçmiş Prezidentin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilməli olan aylıq müavinət keçmiş Prezidentin vəfatının ertəsi günündən arvadının (ərinin) vəfat etdiyi günədək, vəfat etdikdən sonra isə öhdədə olan uşağın 18 yaşına çatdığı günədək ödənilir.
 
Müstəqillik dövründə Azərbaycanın 3 keçmiş prezidenti olub: Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev.
 
Keçmiş prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyev vəfat edib. Onların həyat yoldaşları da vəfat edib və övladları 18 yaşından yuxarıdır. Buna görə də, bu ailələr pensiya almır.
 
Həmçinin qanuna əsasən, dövlət qulluqçusu üçün müəyyən edilmiş tibbi təminatlara dair bütün qanun və qaydaların müddəaları keçmiş Prezidentə və onun ailə üzvlərinə şamil olunur.
 
Qanuna əsasən, keçmiş prezidentlərin üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir nəqliyyat vasitəsi ilə də təmin edilir.
 
Keçmiş Prezidentə Azərbaycan Respublikasının fəaliyyətdə olan Prezidentinin aylıq vəzifə maaşının 20 faizi məbləğində aylıq təmsilçilik xərcləri də ödənilir;
 
Keçmiş Prezidentə və onun arvadına (ərinə) ömürlük diplomatik pasport verilir.
 
Keçmiş Prezident Azərbaycan Respublikasının Prezidenti seçilməzdən əvvəl və Prezident səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu, onların həyat yoldaşlarına da aiddir.
 
Onlar Baş prokurorun razılığı olmadan, cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala və şəxsi müayinə edilə bilməz.