İƏT din alimlərindən ibarət nümayəndə heyətini Taliban lideri ilə danışıqlar üçün Əfqanıstana göndərir

 İslam Əməkdaşlıq Təşkilatı qadınların təhsil və iş fəaliyyəti sahəsində hüquqlarının bərpa edilməsi məqsədilə din alimlərindən ibarət nümayəndə heyətini Əfqanıstana göndərir.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İƏT-in baş katibi Hüseyn İbrahim Taha təşkilatın İcraiyyə Komitəsinin iclasında çıxışı zamanı deyib.

O, dünən keçirilən iclasda bildirib ki, təhsil və iş hüquqlarından məhrum qalmış qadınların vəziyyəti ilə bağlı danışıqlar aparmaq üçün Əfqanıstana növbəti dəfə alimlərdən ibarət nümayəndə heyəti göndəriləcək.

Qeyd edək ki, İƏT-in İcraiyyə Komitəsi Əfqanıstanla bağlı dünən Səudiyyə Ərəbistanın Ciddə şəhərində fövqəladə iclas keçirib. Məlumata görə təşkilat bundan öncə din alimlərini Taliban lideri ilə görüşə göndərmək istəsə də qarşı tərəf təklifi müsbət qarşılamayıb.