Human Rights Watch (HRW) Beynəlxalq İnsan Hüquqları Təşkilatı bildirib ki, İsrailin Qəzza zolağına qarşı 8 həftədir tətbiq etdiyi ərzaq, su və humanitar yardım blokadası artıq “yox etmə vasitəsinə” çevrilib.
Təşkilatın müvəqqəti icraçı direktoru Federiko Borello mayın 9-da verdiyi açıqlamada deyib:
“İsrailli rəsmilərin Qəzzanın iki milyon insanını daha kiçik bir əraziyə sıxışdırmaq, qalan əraziləri isə yaşanmaz hala gətirmək planları barədə açıq danışmalarına London, Brüssel, Paris və Vaşinqtonda beş səviyyəli yanğın siqnalı ilə yanaşılmalıdır.”
Borello əlavə edib ki, İsrailin blokadası artıq hərbi taktika çərçivəsini keçib və məhv etmə vasitəsinə çevrilib.
HRW eyni zamanda İsrailin Qəzzadakı mülki infrastrukturu dağıtmaq və fələstinliləri çox kiçik bir əraziyə toplamaq planlarını “etnik təmizləmə, soyqırımı və insanlığa qarşı cinayətlərin iyrənc bir mərhələsi” kimi dəyərləndirib.
Təşkilat Soyqırım Konvensiyasını imzalamış 153 ölkənin məsuliyyət daşıdığını, lakin tədbir görmədiklərini qeyd edib.
HRW beynəlxalq ictimaiyyəti daha sərt addımlar atmağa çağıraraq, xüsusilə ABŞ, Fransa, Almaniya, Avropa İttifaqı və Böyük Britaniyanı hədəf göstərib. Təşkilat bu ölkələri İsrailə silah satışını, hərbi yardımları və diplomatik dəstəyi dayandırmağa, sanksiyalar tətbiq etməyə və ikitərəfli sazişləri yenidən nəzərdən keçirməyə çağırıb.
İsrailin Qəzzaya qarşı blokadası "yox etmə vasitəsinə" çevrilib