ABŞ və İran təmasdadır, amma nüvə danışıqları gözlənilmir

ABŞ və İran Tehranın nüvə proqramına dair danışıqların bərpası ilə bağlı təmasdadır, lakin yaxın zamanda hər hansı rəsmi danışıqlar planlaşdırılmır. Bunu iyunun 26-da Vaşinqton və Tehrandan olan rəsmilər bəyan edib.

Ağ evin sözçüsü Kerolayn Levitt mətbuat konfransında bildirib ki, Vaşinqton İran və vasitəçi tərəflərlə yaxın əlaqədədir.

İranın xarici işlər naziri Abbas Ərağçi isə dövlət televiziyasına (IRIB) verdiyi açıqlamada diplomatik prosesin davam etdiyini və bunun müxtəlif kanallar vasitəsilə baş verdiyini bildirib.

Ərağçi əlavə edib ki, "yeni danışıqlara başlamaq üçün heç bir razılaşma, tənzimləmə və ya söhbət aparılmayıb".

İranın top diplomatının sözlərinə görə, onun ölkəsi hazırda milli maraqları üçün nəyin daha yaxşı olduğunu qiymətləndirir və əlavə edib ki, Tehranın masaya gələcəyi ilə bağlı "spekulyasiyalar" ciddi qəbul edilməməlidir.

İyunun 25-də Haaqada NATO-nun sammitində çıxış edən prezident Donald Tramp Vaşinqtonun gələn həftə Tehranla müzakirələr aparacağını bildirmişdi.

Omanda keçirilən ABŞ-İran danışıqlarının altıncı raundu iyunun 15-ə təyin olunsa da, iyunun 13-də İsrailin İrana hava hücumlarına başlaması ilə əlaqədar baş tutmayıb.

IRIB-ə verdiyi açıqlamada A.Ərağçi onu da deyib ki, ötən həftəsonu ABŞ qüvvələrinin hücumları İranın nüvə infrastrukturuna "əhəmiyyətli" dərəcədə ziyan vurub. Xarici işlər nazirinin bu şərhi Konstitusiyanın Müdafiəsi Şurasının iyunun 26-da parlamentin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığı dayandırmaq qərarını təsdiqlədiyi vaxta təsadüf edir.

Bir gün əvvəl iranlı millət vəkilləri tərəfindən 221-0 səs çoxluğu ilə qəbul edilən qanunu son nəticədə Ali Milli Təhlükəsizlik Şurası (SNSC) təsdiqləməlidir. SNSC-yə texniki cəhətdən prezident rəhbərlik etsə də, bütün əsas dövlət qurumları kimi, o da ali dini lider Əli Xameneiyə tabedir.

Qərb İranın NPT-dən çıxa biləcəyindən narahatdır

AEBA ilə əməkdaşlığın dayandırılması o deməkdir ki, İran Nüvə Silahlarının Yayılmaması üzrə Müqavilə (NPT) çərçivəsində yoxlamaları, hesabat təqdim etməyi və nəzarət fəaliyyətlərini dayandıracaq.

Qanun layihəsində qeyd olunur ki, əgər İranın nüvə obyektləri və alimlərinin təhlükəsizliyi təmin olunsa və Tehranın uranı ölkə daxilində zənginləşdirmək hüququna zəmanət verilsə, əməkdaşlığın dayandırılması qərarı ləğv oluna bilər. İran nüvə proqramının dinc məqsədlər daşıdığını və hərbi məqsədlər güdmədiyini israrla bildirir.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, "ən pis ssenari" Tehranın Nüvə Silahlarının Yayılmaması üzrə Müqavilədən (NPT) çıxması olardı. Makron Brüsseldə Aİ sammitindən sonra jurnalistlərə açıqlamasında deyib ki, müqavilənin qorunub saxlanması məqsədilə o, yaxın günlərdə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə danışmağı planlaşdırır.

Artıq həmin danışıqlar iyunun 26-da Ağ evə edilən zənglə başlayıb. Telefon söhbətində Makron ABŞ prezidenti Donald Trampı Parisin "son günlər və saatlar ərzində" Tehranla apardığı danışıqlar barədə məlumatlandırıb.

"Ümid edir ki, mövqelər arasında real yaxınlaşma olacaq", - Makron bildirib və əlavə edib ki, məqsəd İranın nüvə fəaliyyətlərinin bərpasının qarşısının alınmasıdır.

İran 1970-ci ildə NPT-ni ratifikasiya edərək nüvə materiallarını AEBA-ya bəyan etməyi öhdəsinə götürüb.