Nicat Əliyevə qarşı ədalətsizlik!

Müsəlman Birliyi Hərəkatının üzvü Nicat Əliyev məhkəmənin növbəti haqsızlığı ilə üzləşib. Belə ki, o cəzasının çəkilən 3/2 hissəsinin bitməsindən sonra şərti azadlığı ilə bağlı məhkəməyə müraciət edib.

Cəza çəkdiyi 10 saylı müəssisədə daxili məhkəmə avqustun 15-i Nicat Əliyevin müraciətinə baxıb.
Məhkəmə protokol sənədlərində güya Nicat Əliyevin həbsxanada qarşıdurma yaratma ittihamının yer almasını səbəb göstərərək onun vaxtından əvvəl azadlığa buraxılmasını məqbul hesab etməyib.

N. Əliyev isə onun adına yazılan yalançı “qarşıdurma” ittihamını tamamilə əsassız hesab edərək bunu sadəcə onu azad etməmək üçün bir bəhanə adlandırıb. O, həbs olunduğu gündən bu yana heç bir problem yaratmadığını və hər hansı bir qarşıdurmada iştirak etmədiyini söyləyib. Buna baxmayaraq, onun haqqı olan şərti azadlığa buraxılma hüququ məhkəmə tərəfindən tanınmayıb.

Xatırladaq ki, Əliyev Nicat Əlniyaz oğlu 2022-ci il 1 dekabrda saxlanılıb və barəsində saxta narkotik ittihamı ilə cinayət işi açılıb. 2023-cü il 22 sentyabr tarixində məhkəmə onu bu ittihamda müqəssir bilərək 5 il müddətinə azadlıqdan məhrum edib.