Cabbar Cabbarov da ciddi-qapalı rejimli müəssisəyə köçürüləcək

Cabbar CabbAvqustun 15-də siyasi məhbus Cabbar Cabbarov məhkəmə önünə çıxarılıb. Həbsxana daxilində baş tutan məhkəmə Cabbar Cabbarovu daxili qaydaların dəfələrlə pozulması ittihamı ilə 6 ay müddətinə ciddi-qapalı rejimə (krıtıya) köçürülməsinə hökm verib.

Məsələ burasındadır ki, Cabbar Cabbarov 15 saylı müəssisəyə elə Umbakının ciddi-qapalı rejimindən-krıtıdan iyulun 5-də göndərilib. Lakin müəssisə rəhbərliyi heç bir səbəb olmadan onu müəssisəyə buraxmayıb. O, Cabbara bildirib ki, onu bu müəssisədə görmək istəmir.
Görünən budur ki, Cabbarı təkcə 15-saylı müəssisəsinin rəhbərliyi deyil, ümumi Penitensiar Xidmət rəsmiləri də açıq zonlarda görməkdən məmnun deyillər. Əks halda karantin və ardınca karserə salınan hepatit xəstəsinin yenidən ciddi-qapalı rejimə geri göndərmək əvəzinə hansısa alternativ zonlardan birinə köçürmək olardı.

Lakin Cabbar Cabbarov barəsində qərar verilib və yəqin ki, yaxın günlər də o da Umbakının ciddi-qapalı rejimli həbsxana binasına köçürüləcək.

Xatırladaq ki, Cabbarov Cabbar Əmirxan oğlu 2015-ci il 26 noyabr “Nardaran hadisələri” zamanı saxlanılıb. Bir çox ağır maddələrlə ittiham olunan inanclı 2017-ci il 25 yanvar tarixində 19 il müddətinə azadlıqdan məhrum edilib. O, uzun zaman hepatit xəstəliyindən müalicə alıb və hal-hazırda da səhhətində xəstəliklə bağlı problemlər yaşanır.