“İsrailin Azərbaycan ərazisindən PUA buraxması araşdırılır”

İranın Ermənistandakı səfiri Mehdi Sübhani İsrailin 12 günlük müharibə zamanı İrana qarşı hücumlarında Azərbaycan ərazisindən istifadə etməsi ehtimalının araşdırıldığını açıqlayıb. Sübhani vurğulayıb ki, əgər bu təsdiqlənərsə, Tehran bunu ciddi pozuntu hesab edəcək.

 

“İddialar araşdırılır, aydın olanda açıqlama verəcəyik”

Sübhani bəzi özəl mənbələrin yaydığı iddiaları birbaşa təsdiq etmədiklərini bildirib:

"Bütün şərtlər dəqiqləşəndən sonra bu məsələyə münasibətimizi müəyyənləşdirəcəyik. Əgər İsrailin pilotsuz uçuş aparatlarından (PUA) Azərbaycanın hava məkanından və ya ərazisindən İrana hücum etmək üçün istifadə edildiyi ortaya çıxsa, bu, ciddi pozuntu hesab olunacaq".

 

“Azərbaycan aydın və rəsmi bəyanat verməlidir”

Səfir belə bir vəziyyətin beynəlxalq hüquqa açıq şəkildə zidd olacağını bildirib və əlavə edib:

"İran ərazisindən belə məqsədlər üçün istifadəyə icazə verilməyib. Əgər Azərbaycan həqiqətən belə bir icazə veribsə, bu, beynəlxalq hüquq çərçivəsində izah edilməlidir. Əgər bu, təsdiqini taparsa, rəsmi Bakının rəsmi və şəffaf bəyanatla çıxışını gözləyirik".

 

“İran və Azərbaycan liderləri bu məsələni müzakirə ediblər”

Sübhani bəyan edib ki, məsələ İran prezidenti Məsud Pezeşkian ilə Azərbaycan prezidenti İlham Əliyev arasında bu yaxınlarda baş tutan telefon danışığında müzakirə olunub. O, bildirib ki, İran Azərbaycandan İsrail pilotsuz təyyarələrinin İranın hava məkanını pozub-pozmaması ilə bağlı hərtərəfli araşdırma aparılmasını istəyib.

 

“İsrailin gözlənilməzliyi göz qabağındadır”

Nəhayət, Sübhani İsrail rejiminin heç bir beynəlxalq qaydaları tanımadığını və belə bir hərəkətin Təl-Əviv tərəfindən fürsət kimi istifadə oluna biləcəyini, lakin konkret qiymətləndirmə üçün dəqiq məlumatlara ehtiyac olduğunu bildirib.