Avropa Parlamentinin üç üzvü Azərbaycanda jurnalistlərə, tədqiqatçılara və fəallara qarşı son günlərdə verilmiş həbs cəzalarını qınayan birgə bəyanat yayıblar.
İnsan Hüquqları üzrə Alt Komitənin sədri Mounir Satouri, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin sədri Nils Ušakovs və Azərbaycanın Avropa Parlamentindəki daimi məruzəçisi Dan Barna öz bəyanatlarında bu həbsləri “rejim tənqidçilərinə qarşı amansız təzyiqlərin yeni mərhələsi” adlandırıblar.
Bəyanatda qeyd olunur ki, 2025-ci il iyunun 23-də, Çexiyanın Karlov Universitetinin doktorantı, tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov 15 il azadlıqdan məhrum edilib. O, ötən ilin avqust ayında həbs olunmuş və vətənə xəyanət kimi ciddi, lakin əsassız ittihamlarla mühakimə olunub. Bəyanatda o da vurğulanır ki, Səmədov bir neçə gün əvvəl aclıq aksiyası keçirib və intihara cəhd edib.
İyunun 20-də isə müstəqil “AbzasMedia”nın əməkdaşlarına 7,5 ildən 9 ilədək həbs cəzaları verilib. Onlara qarşı “xarici valyuta qaçaqmalçılığı” və “pul yuma” ittihamları irəli sürülüb. Həbs olunanlar sırasında “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vagifqızı, jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, koordinator Məhəmməd Kekalov və “Azadlıq” radiosunun jurnalisti Fərid Mehrəlizadə yer alır.
Avropa Parlamentinin üzvləri həmçinin etnik tədqiqatçı İqbal Əbilovun 18 il, müxalifət fəalı Tofiq Yaqublunun isə mart ayında 9 il həbs cəzası almasını da qeyd ediblər. Bəyanatda bildirilir ki, bu cəzalara məruz qalan şəxslər Azərbaycanda sayı artıq 400-ə yaxınlaşan siyasi məhbusların bir hissəsidir.
Avropa Parlamentinin üzvləri Avropa İttifaqını Azərbaycandakı insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan rəsmi şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar. Onlar Avropa Xarici Fəaliyyət Xidmətini və Aİ-nin Ali Nümayəndəsini rejimi daha da cəsarətləndirə biləcək addımlardan çəkinməyə səsləyiblər.
Bəyanatda o da xatırladılıb ki, Avropa Parlamenti bundan əvvəl də dəfələrlə bəyan edib ki, Azərbaycanla gələcəkdə imzalanacaq hər hansı əməkdaşlıq razılaşması bütün siyasi məhbusların azadlığa buraxılması və ölkədə insan hüquqları sahəsində real islahatların aparılması ilə şərtləndirilməlidir.
Avropa Parlamentinin üzvləri Avropa İttifaqını Azərbaycandakı rəsmi şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar