Azərbaycan güləşçiləri ənənəvi yarışın ikinci günündə 6 medal qazanıblar

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri keçirilir.

Ənənəvi yarışın ikinci günündə yunan-Roma və qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Xalçaya çıxan 7 təmsilçimizdən 6-sı fəxri kürsüyə qalxıb.

Yunan-Roma güləşində Nihad Quluzadə (60 kq) və Məhəmməd Şükürzadə (67 kq) gümüş, Laçın Vəliyev (87 kq) isə bürünc medal qazanıblar. Qadın güləşində isə Elnurə Məmmədova (53 kq) gümüş, Nərgiz Səmədovayla (53 kq) Birgül Soltanova (62 kq) bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, ilk yarış günündə Əsmər Cankurtaran (50 kq) və Gültəkin Şirinova (55 kq) beşinci yerlə kifayətləniblər. Turnirin son 2 günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq.