Vəkil: Hacı Vəliyevə karserdə işgəncə verilib

Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı və"Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevin cərimə kamerasında (karser) işgəncəyə məruz qaldığı bildirilir. 

Bu barədə iyunun 30-da onun vəkili Aqil Layıc xəbər verib. 

Layıc bildirib ki, Vəliyev iyunun 23-27-i tarixlərində karserdə saxlanılıb. Buna səbəb isə onun Bakı İstintaq Təcridxanasının rəisinin ondan daxil intizam qaydalarını pozduğu haqda sənədə imza atmasını istəməsi olub. Vəliyev sənədə imza atmaqdan imtina edib. 

Fəal vəkilinə deyib ki, karserdə ona Tural adlı gizir fiziki zorakılıq göstərib. Layıc qeyd edib ki, Vəliyevin başında iki sıyrıq izi var və fəalın dediyinə görə, onlar işgəncə zamanı başı kafelə dəyərkən əmələ gəlib. 

Vəkil, həmçinin, bildirib ki, Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyası keçirir və bunun nəticəsində, demək olar ki, yeriyə bilmir. 

O, Ədliyyə Nazirliyini və Ombudsmanı adekvat addımlar atmağa çağırıb. 

Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur. 

Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınır.

O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.

Vəliyev mayın 14-də məhkəmədə çıxışında deyib ki, o, "ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə" görə həbs olunub.