Aşura nədir? Yalnız tarixdə olan bir gündür?

Aşura yalnız bir gün və hadisə deyil. Aşura bir mədəniyyətdir. Zülmə və zülmkarlığa qarşı dayanıqlıq mədəniyyəti. Azadlıq və azad yaşamaq mədəniyyəti. Əmr bil-mə’ruf və nəhy əz-münkər mədəniyyəti.
Bütün fəzilətlərin və əxlaqi keyfiyyətlərin mədəniyyəti. İnsan ruhunun təqdir etdiyi və ilahi ruhdan qaynaqlanan bütün dəyərlər Aşurada aydın şəkildə təsvir olunub. Fəsad və zülmə qarşı qiyamdan başlayaraq, ailə üzvləri arasında sevgi və birliyin hökmranlığına qədər. Bu mədəniyyəti yaşatmaq, heç kimin bacarmadığı, yalnız İmam Hüseynin (ə) öhdəsindən gələ biləcəyi müqəddəs bir missiya idi.
Bilə-bilə ki, özü və yodaşları şəhid, ailəsi əsir olacaq, əzizləri ilə birlikdə yola çıxıb zalımın və zülmün qarşısında dayanmağı o dövrdə İmam Hüseyndən (ə) başqa heç kim bacarmazdı. İmam Hüseyn (ə) və onun sədaqətli və azsaylı yoldaşlarının şəhidliyi yatmış qəlbləri oyatdı və aradan getməkdə olan həqiqi İslama yeni bir nəfəs verdi. Bu dirçəliş yalnız müəyyən zaman və məkanla məhdudlaşmırdı.
O gündən bu günə qədər bütün zamanlarda və məkanlarda bu oyanış davam etdi və edir də. Bu dirçəliş Yezid və yezid simalı şəxslərin qorxulu yuxusu olub. Bu gün də Aşura mədəniyyəti dünya zalımlarını qorxudur. İmam Hüseyn (ə) öz azsaylı, amma sədaqətli səhabələri ilə bunu yaratdı.